Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp ölkədə fəaliyyət göstərən benzin pərakəndə satışı şirkətlərini yanacaq qiymətlərini dərhal aşağı salmağa çağırıb və əks halda onları ciddi nəticələrlə hədələyib.
Banco.az xəbər verir ki, ABŞ lideri "Truth Social" platformasında paylaşdığı açıqlamada bildirib ki, neftin dünya bazarında ucuzlaşmasına baxmayaraq, ABŞ-də benzin qiymətləri hələ də əsassız şəkildə yüksək saxlanılır.
"Benzin pərakəndə satıcıları qiymətlərini dərhal endirməlidirlər. Neftin bir bareli hazırda 68 dollardır və qiymət enməkdə davam edir. Buna baxmayaraq, benzin qiymətləri çox yüksəkdir," – deyə Tramp qeyd edib.
O vurğulayıb ki, şirkətlər bu çağırışa operativ reaksiya verməlidirlər.
"Süni qiymət şişirdilməsi olmayacaq. Bu, tamamilə qanunsuzdur. Əgər pərakəndə satıcılar bunu etməsələr, böyük problemlərlə üzləşəcəklər", – deyə ABŞ prezidenti xəbərdarlıq edib.
Trampın sözlərinə görə, ABŞ-də benzinin qiyməti bir qallon (3,785 litr) üçün təxminən 2,50 dollar səviyyəsində olmalıdır. O, eyni zamanda Kaliforniya ştatının rəhbərliyini də yanacaq vergilərini azaltmağa çağırıb.
Xatırladaq ki, ötən həftə Donald Tramp ABŞ-də benzin qiymətlərinin neftin ucuzlaşmasına uyğun şəkildə aşağı düşməməsi ilə bağlı araşdırma aparılacağını açıqlamışdı. Onun sözlərinə görə, araşdırma əsasən enerji nəhəngləri "Exxon Mobil", "Chevron", "Shell" və "BP" şirkətlərini əhatə edəcək.
ABŞ prezidenti bildirib ki, əgər bu şirkətlərin qiymətləri süni şəkildə yüksək saxladıqları müəyyən edilərsə, onlar ciddi hüquqi və inzibati tədbirlərlə üzləşə bilərlər.
