Tramp ABŞ-a immiqrasiyanı iki ay müddətinə dayandırdı | Banco.az

Tramp ABŞ-a immiqrasiyanı iki ay müddətinə dayandırdı

“Financial Times” ABŞ-da məskunlaşmaq istəyənləri məyus edən xəbər yayıb. Tramp Ağ Evdə keçirdiyi brifinqdə açıqlayıb ki, ABŞ-a mühacir axını minimum 60 gün müddətinə dayandırılacaq. Bu tədbir koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən iş yerlərini itirən amerikalıları qorumaq məqsədi daşıyır.

Tramp “immiqrasiyanın təxirə salınması Amerika normal həyatına qayıdacağı zaman işsiz amerikalıları iş axtarışında birinci sıraya qoymağa kömək edəcək” söyləyib və əlavə edib ki, ABŞ-a gələn əcnəbilərin onların yerini tutması yanlış olardı.

Müvafiq sərəncam aprelin 22-də imzalanıb. Tramp sənədin daimi yaşayış icazəsi və greencard üçün müraciət edən namizədlərə təsir edəcəyini bildirib. Qərara 2 ay sonra, həmin dövrdəki iqtisadi şərtlərə əsasən yenidən baxıla bilər.

“The New York Times” prezidentin açıqlamalarından sonra yazıb ki, sərəncam qüvvəyə minəndən sonra ancaq Amerika vətəndaşlığı olan insanların həyat yoldaşları və ya övladları geencard ala biləcəklər. Beləliklə, bu sənədlərin verilməsinin dayandırılması on minlərlə insana təsir göstərəcək. Bundan əlavə, Ağ Ev xarici vətəndaşlara iş vizalarının verilməsini də məhdudlaşdıra bilər.

Prezident administrasiyasının əməkdaşlarından biri “CNN”ə verdiyi açıqlamada bildirib ki, iş vizalarının verilməsinə qoyulan qadağa 120 günə qədər davam edə bilər. Mənbə əlavə edib ki, məmurlar Çin və Avropa kimi artıq qadağan olunmuş istiqamətlərdən başqa istiqamətlərə də səyahət məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

Cons Hopkins Universitetinin məlumatına görə, aprelin 22-də ABŞ-da koronavirusun yayılmasından bəri 816 mindən çox yoluxma faktı qeydə alınıb. Koronavirusa tutulanların 43 700-ü dünyasını dəyişib.

Nigar Umaxanlı, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram