Müəllif: Tamara Mustafayeva, Banco.az
Bred Pittin baş rolda olduğu Formula 1 filmində “Tommy Hilfiger” real komandaya deyil, tamamilə uydurma APXGP komandasına sponsorluq edib.
Banco.az xəbər verir ki, Bred Pittin baş rolda oynadığı Formula 1 mövzulu film qısa müddət əvvəl tamaşaçılara təqdim olunub. Film tamamilə uydurma olan APXGP adlı komandanın yarış pistlərindəki yüksəlişindən bəhs edir. Filmdə diqqət çəkən əsas məqamlardan biri isə “Tommy Hilfiger” markasının bu xəyali komandaya sponsorluq etməsi olub.
“Tommy Hilfiger” yalnız məhsul yerləşdirmə (product placement) ilə kifayətlənməyib; film boyunca yarış geyimlərindən tutmuş avtomobillərin üzərindəki detallara qədər markanın vizual kimliyi aydın şəkildə hiss olunur. Bu sponsorluk, markanın kino aləminə orqanik şəkildə inteqrasiya olunmasına imkan verərək ənənəvi reklam formatlarının hüdudlarını aşır.
Kampaniya yalnız film çərçivəsində qalmayıb, real həyatda da təsirini göstərib. “Tommy Hilfiger” filmlə eyni vaxtda Formula 1 temalı xüsusi kolleksiyanı satışa çıxarıb. Bu kolleksiya izləyicilərə özlərini film dünyasının bir parçası kimi hiss etdirməyi bacarıb.
Marka real F1 komandası yerinə uydurma bir komandaya sponsorluq etməklə, həm avtomobil idmanları həvəskarlarının, həm də kino izləyicilərinin diqqətini eyni anda cəlb etməyə nail olub. Sosial mediada viral təsir yaradan kampaniya, reklam büdcəsinin çox-çox üzərində bir görünürlük təmin edərək markanın mədəni gündəmdəki yerini daha da möhkəmləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!