"Titanik" filminin rejissoru Ceyms Kameron milyarder oldu | Banco.az

"Titanik" filminin rejissoru Ceyms Kameron milyarder oldu

Müəllif:Mehin Qasımova,Banco.az

Məşhur rejissor Ceyms Kameron rəsmi olaraq milyarderlər siyahısına daxil olub.

Banco.az xəbər verir ki, “Forbes” jurnalının məlumatına görə, 71 yaşlı rejissorun sərvəti “Avatar: Od və Kül” filminin nümayişi ərəfəsində 1,1 milyard dollara çatıb.

Beləliklə, Kameron milyarder olan beşinci film rejissoru kimi tarixə düşüb. O, bu siyahıda Corc Lukas, Stiven Spilberq, Piter Cekson və Tayler Perri kimi kino nəhəngləri ilə bir sırada yer alır.

Lakin onu digərlərindən fərqləndirən mühüm məqam var.  Ceyms Kameron sərvətini demək olar ki, tamamilə film gəlirləri hesabına qazanan yeganə rejissordur.

Kameronun rejissoru olduğu “Terminator”, “Yadplanetlilər”, “Titanik” və “Avatar” kimi filmlər indiyədək dünya üzrə ümumilikdə təxminən 9 milyard dollar gəlir gətirib. Bu göstərici onun kino sənayesinə təsirinin miqyasını açıq şəkildə ortaya qoyur.

Xüsusilə qeyd olunur ki, 2009-cu ildə nümayiş olunan “Avatar” filmi 2,9 milyard dollarlıq kassa gəliri ilə bütün zamanların ən çox gəlir gətirən filmi rekordunu hələ də qoruyub saxlayır. 

Hazırda bütün diqqətlər “Avatar” kainatının üçüncü hissəsi – “Avatar: Od və Kül” filminə yönəlib. 19 dekabrda nümayiş olunacaq ekran işinin rejissorun sərvətinə ən azı 200 milyon dollar əlavə edəcəyi gözlənilir.

Mütəxəssislərin proqnozlarına görə, “Avatar: Od və Kül” 2025-ci ilin ən çox gəlir gətirən filmi üçün əsas namizədlərdən biridir. Filmin dünya üzrə minimum 1 milyard dollar gəlir əldə edəcəyi ehtimal olunur və bu proqnoz yüksək dəqiqliklə qiymətləndirilir.

“Avatar” seriyası bununla da yekunlaşmayacaq. Mövcud planlara əsasən, kino kainatı 2029 və 2031-ci illərdə nümayiş olunacaq daha iki yeni filmlə genişlənəcək.

Qeyd edək ki, Ceyms Kameron karyerasında üç filmi 2 milyard dollardan çox gəlir əldə edən yeganə rejissor tituluna sahibdir. Bunlar “Titanik” (1997), “Avatar” (2009) və “Avatar: Suyun Yolu” (2022) filmləridir.