“Tesla” xalis mənfəətini 17% artırdı | Banco.az

“Tesla” xalis mənfəətini 17% artırdı

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla” 2024-cü ilin üçüncü rübündə xalis mənfəətini 17%, gəlirini isə 8% artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Qeyd olunur ki, son rübdə xalis mənfəət əvvəlki ilin eyni dövründəki 1,85 milyard dollarla müqayisədə 2,17 milyard dollar təşkil edib. Eyni zamanda, “Tesla”nın rüblük gəliri bir il əvvəlki 23,35 milyard dollardan 25,18 milyard dollara yüksəlib.

Üçüncü rübdə şirkətin elektrik avtomobillərinin tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 462,89 min ədəd təşkil edib. İyul-sentyabr aylarında “Tesla” avtomobillərinin istehsalı 9,1% artaraq 469 796 ədədə çatıb.

Cari il üçün satış hədəflərini təyin etməyən şirkətin baş icraçı direktoru İlon Mask, 2025-ci ildə  “Tesla”nın elektrikli avtomobil tədarükünün 20% - 30% arta biləcəyini qeyd edib.

Mask, şirkətin büdcəli avtomobil istehsal etmək planlarından imtina edərək, mövcud avtomobillərin daha ucuz versiyalarının istehsalına üstünlük verəcəyini bildirib.

Qeyd edək ki, “Tesla” səhmləri bu ilin əvvəlindən 14% ucuzlaşıb.