"Temu" Aİ qaydalarını pozub: Cərimə gözlənilir | Banco.az

"Temu" Aİ qaydalarını pozub: Cərimə gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Çinin elektron ticarət şirkəti “Temu”nu qanunsuz məhsullarla lazımi səviyyədə mübarizə aparmamaqda ittiham edib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası Çin mərkəzli “PDD Holdings” şirkətinin idarə etdiyi və endirimli məhsullar satan “Temu” platforması ilə bağlı aparılan araşdırma çərçivəsində platformanın Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğuna dair ilkin nəticələr əldə olunduğunu açıqlayıb.

Açıqlamada qeyd olunub ki, “Temu” Aİ qaydalarına əsasən qanunsuz məhsulların yayılması ilə bağlı riskləri qiymətləndirmək öhdəliyini pozub.

"Əldə edilən sübutlar göstərir ki, Aİ-dəki istehlakçılar platformada qanunsuz məhsullarla qarşılaşma riski ilə üz-üzədir", – deyə açıqlamada bildirilib və “Temu”nun 2024-cü ilin oktyabrında apardığı risk qiymətləndirməsinin də yanlış olduğu vurğulanıb.

Açıqlamada həmçinin qeyd olunub ki, “Temu” qanunsuz məhsulların yayılmasının qarşısını almaq üçün kifayət qədər tədbir görməyib.

Digər tərəfdən, Aİ Komissiyasının ilkin nəticələri təsdiqlənərsə, şirkətə qarşı cərimə tətbiq oluna, həmçinin qaydalara əməl olunması barədə göstəriş göndərilə bilər.

“Temu” tərəfindən məsələ ilə bağlı verilən açıqlamada isə “Avropa İttifaqı Komissiyası ilə tam əməkdaşlıq içində olmağa davam edəcəyik” ifadəsi yer alıb.

Aİ-nin texnologiya qaydalarına əsasən, Avropada fəaliyyət göstərən böyük şirkətlər və rəqəmsal platformalar sərt qaydalara riayət etməlidirlər. Qaydaları pozan rəqəmsal platformalara qarşı yüksək miqdarda cərimələr tətbiq edilə bilər.

Pozuntular təkrarlandığı təqdirdə həmin rəqəmsal platformaların Aİ ərazisində fəaliyyətinə son qoyula bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram