Təhsil aldığımız universitetin nüfuzu gələcək karyeramıza necə təsir edir? | Banco.az

Təhsil aldığımız universitetin nüfuzu gələcək karyeramıza necə təsir edir?

Müasir dövrdə iş və karyera dünyasında rəqabətlilik getdikcə artmaqdadır. Banco.az xəbər verir ki, belə olan təqdirdə isə karyera qurmaq heç də asan məsələ deyil. Bəziləri düşünür ki, nüfuzlu ali təhsil məktəblərində təhsil almaqla əmək bazarındakı rəqabətə davamlığını möhkəmləndirəcəklər. Bəs görəsən həqiqətən də belədirmi? Təhsil aldığımız universitetlərin nüfuzu gələcək iş karyeramıza ciddi təsiri varmı? Ümumiyyətlə, işə qəbul prosesində buna diqqət edilirmi? 

"Azərconnect LLC”–nin İnsan Resursları Departamentinin böyük mütəxəssisi Tural İslamov deyir ki, əsas məsələlərdən biri müsahibə zamanı namizədin göstəricilərinin vakansiyanın tələblərinə nə dərəcədə uyğun olub-olmamasıdır: “Hesab edirəm ki, iş müsahibələrində ən önəmli faktor məhz bu olmalıdır. Əgər tələb olunan vakansiya üzrə spesifik təhsil, yaxud iş təcrübəsi tələb olunmursa, adətən namizədin hansı universitetlərdə təhsil aldığı ön plana çıxmalıdır. Hal-hazırda işə qəbul üçün müraciət edən nazmizədlərin hansı universitetlərdə təhsil alması əlbəttə də ki, işə götürən çöx önəmlidir. Öncəki və cari işlədiyim şirkətlərdə işə qəbul zamanı şirkətin profilinə uyğun olaraq daha çox biznesin idarəedilməsi, informasiya texnologiyaları, marketinq-satış, maliyyə-analitika, biznes proseslərinin avtomatlaşdırılması ixtisası üzrə təhsil alan məzunlara tələbat daha çoxdur. Universitetlər arasında isə ADA Universitetinin məzunları öz hazırlıq səviyyəsinə görə digərlərindən seçilir. Həmin məzunların istər dil bilgiləri, istərsə də əldə etdikləri tədrisin keyfiyyəti açıq-aşkar hiss olunur. Əlavə olaraq, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Texniki Universitetin tələbələri də xüsusi seçilirlər. Universitet təhsili ilə yanaşı məzunlar mütləq şəkildə öz üzərlərində ciddi məşğul olmalıdırlar çünki, istənilən halda iş müsahibələrində qazanılan uğur namizədin bilik və bacarığından asılıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Tural İslamov onu da bildirdi ki, elə namizədlər var ki, qeyd olunan universitetləri bitirsələr də onlar tələb olunan biliklərə sahib deyillər: “Həmin məzunlar yalnız universitet təhsili ilə kifayətləndikləri üçün əlavə bilik və bacarıqları öyrənməyə az cəhd göstəriblər.Bəzən universitet təhsilindən kənara çıxaraq lazımi informasiyaları əldə etməklə öz dünyagörüşü və bilgilərini artıran namizədlərlə də rastlaşırıq. Əlbəttə də ki, bu cür məzunlar işə qəbul mərhələlərində digərlərindən daha da şanslıdırlar.

Daha sonda iş müsahibələrində təhsil dərəcələrin nə dərəcədə rol oynadığını da soruşduq: “Təhsilin insan həyatındakı rolu danılmazdır və təbii ki, işə qəbul prosesində də çox önəmli əhəmiyyəti vardır. Müsahibələr zamanı bakalavr, magistr, PHD dərəcələrinə sahib olan namizədlər təbii ki, digərlərindən fərqləndirilməlidirlər . Aydın məsələdir ki, təcrübə, iş stajı tələb olunmayan işlərə seçim zamanı xaricdə təhsil almış və ya tələbəlik illərində müxtəlif şirkətlərdə təcrübə proqramları keçmiş məzunlar daha real namizədlər kimi qiymətləndirilir. Çünki həmin məzunlar daha çox nəzəri və praktiki biliklərə sahibdirlər və iş prosesində bilikləri daha rahat tətbiq edə bilirlər”. 

Şəbnəm Mehdizadə

Ən sərfəli krediti almaq üçün müraciət et