Tədqiqat: Ali təhsilli insanlar 11 il daha uzun yaşayır | Banco.az

Tədqiqat: Ali təhsilli insanlar 11 il daha uzun yaşayır

Müəllif - Eldar Kərimov - Banco.az

Səhiyyə Göstəriciləri və Qiymətləndirmə İnstitutunda (IHME) 2000-2019-cu illər arasında ABŞ-ın 3 mindən çox dairəsində gözlənilən ömür uzunluğunu təhlil edərək, bunun təhsildən asılılığını müəyyənləşdirib. Bu müddət ərzində tədqiqatın ən az və ən çox təhsilli iştirakçıları arasındakı fərq 8 ildən 11 ilə qədər artıb.

20 il ərzində kollec məzunlarının gözlənilən ömür uzunluğu 2,5 il artaraq 84,2 ilə dünya üzrə dördüncü yeri tutub. Orta məktəbi bitirməyənlərin ömür uzunluğu isə əvvəlki səviyyədə — 73,5 il olaraq qalıb. Tədqiqat göstərib ki, ən çox və ən az təhsilli insanlar arasındakı ömür uzunluğu fərqi zamanla artıb: 2000-ci ildə 8 il ikən, 2019-cu ildə bu rəqəm 11 ilə yaxınlaşıb.

“ABŞ-da daha rəsmi təhsil çox vaxt daha yaxşı iş imkanları deməkdir, o cümlədən sağlamlıq üçün az riskli və yüksək maaşlı işlər, — deyə tədqiqatın baş müəllifi Laura Duayer-Lindqren bildirib. — Bu, insanları sağlam həyat qurmaq və ehtiyac duyulduqda yüksək keyfiyyətli tibbi yardım almaq üçün daha əlverişli vəziyyətə qoyur.”

Ümumilikdə ömür uzunluğu 68,2 ildən 93,2 ilə qədər dəyişib. Ən böyük fərq (32,2 il) orta məktəbi bitirməyənlər arasında müşahidə olunub — 57,9 ildən 90,1 ilə qədər. Kollec məzunları arasında isə ən kiçik fərq olub — 75,2 ildən 93,9 ilə qədər (18,7 il fərq).

Əhali qrupları və müxtəlif təhsil səviyyəli kohortlar arasındakı ömür uzunluğu fərqləri hətta qlobal miqyasda da böyükdür. Məsələn, əgər ABŞ-ın kollec məzunları ayrı bir ölkənin əhalisi olsaydı, 2019-cu ildə onların gözlənilən ömür uzunluğu dünyada 199 ölkə arasında dördüncü yeri tutardı. Əksinə, orta məktəb diplomu olmayanlar 137-ci yerdə olardı.

Coğrafi fərqlər təhsil səviyyələri daxilində və arasında əhəmiyyətli idi. Cənub-şərq dairələri, Appalaçların bəzi hissələri və Cənubi Dakotanın bəzi bölgələri, xüsusilə orta məktəbi bitirməyənlər arasında nisbətən aşağı ömür uzunluğuna malik idi.

Ali təhsilli insanlar arasında Ohayo, İndiana, İllinoys, Missuri, Arkanzas, Nebraska, Oklahoma, Luiziana, Alabama, Tennessi, Kentukki və Floridadakı bəzi dairələr, eləcə də Şimali Arizonada nisbətən böyük azalma müşahidə olunub.

Orta məktəb məzunları arasında Virciniya və Karolinada, həmçinin Texas, Luiziana və Nebraskanın bəzi hissələrində digər dairələrin əksəriyyəti ilə müqayisədə nəzərəçarpan azalma olub. Orta məktəb diplomu olmayanlar üçün ömür uzunluğunun azalması Miçiqan, Ohayo, İndiana, Kentukki və Qərbi Virciniyada xüsusilə diqqət çəkib.

Lakin Kaliforniyada orta məktəbi bitirməyənlər arasında ömür uzunluğunda böyük artım müşahidə olunub, halbuki bir çox digər dairələrdə azalma qeydə alınıb. Tədqiqatçıların fikrincə, bu, ştatda çox sayda immiqrantın olması ilə əlaqəli ola bilər. Onların ömür uzunluğu çox vaxt ABŞ-da doğulmuş həmvətənlərindən daha yüksəkdir.

Qadınların ömür uzunluğu ümumilikdə kişilərdən yüksək olub. Orta məktəbi bitirməyən qadınların ölkə üzrə ömür uzunluğu təxminən 72 il, kişilərdə isə təxminən 68 il təşkil edib. Bundan əlavə, ən az təhsilli və ən çox təhsilli insanlar arasındakı fərq kişilərdə qadınlara nisbətən daha böyük olub və tədqiqatın 20 ili ərzində daha çox artıb.