Müəllif:Ayşən İmanova/Banco.az
Gürcüstan hökuməti Tbilisidə yeni hava limanının tikintisi barədə qərar qəbul edib, layihənin dəyəri 1,26 milyard dollardır.
Banco.az xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, hökumət layihənin iki variantını nəzərdən keçirirdi.
“Biri köhnə aeroportun genişləndirilməsini, digəri isə Vazianidə (Tbilisidən 25 km aralıda yerləşən kənd) yeni hava limanının tikintisini nəzərdə tuturdu. Genişləndirmənin dəyəri təqribən 900 milyon dollar, yenisinin tikintisinin dəyəri isə təqribən 1,26 milyard dollardır”.
Kobaxidze qeyd edib ki, Tbilisi hava limanının hazırkı tutumu ildə 4,5 milyon sərnişinə qədərdir.
“Genişləndirmə sərnişin dövriyyəsini maksimum 15 milyon sərnişinə çatdırmağa imkan verərdi və gələcək inkişaf perspektivləri yox idi. Yenisinin tikintisinə gəlincə, bu, bizə daha da genişlənmə perspektivi ilə sərnişinlərin sayını 19 milyona çatdırmaq imkanı verir”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, onun sözlərinə görə, hava limanının tikintisi üzrə investisiya layihəsinin icrası ilə əlaqədar “iqtisadi artım 0,2 faiz bəndi artacaq ki, bu da
növbəti illərdə Gürcüstan iqtisadiyyatına orta hesabla 350 milyon lari (indiki məzənnə ilə 130 milyon dollardan çox) əlavə olunacaq. Bu da Gürcüstanın iqtisadi inkişafı üçün çox vacibdir”.
Bizi sosial şəbəkələrdən izləyin!!