Tamara Mustafayeva, Banco.az
Koronavirus pandemiyasının təsirinə ən çox məruz qalan sahələrdən biri heç şübhəsiz ki, havaçılıq sektorudur. Pandemiya səbəbilə bir çox insan əvvəlcədən müəyyənləşdirdikləri səfərləri təxirə saldı və ya ləğv etdi. Bu da hava yolu şirkətlərinin sərnişin sayında ciddi azalmaya səbəb oldu. Pandemiya hələ də davam etdiyi üçün insanlar, xüsusilə də, xarici ölkələrə səyahət etməklə bağlı bir qədər narahatlıq keçirirlər. Odur ki, aviaşirkətlər də insanları təyyarə səfərlərinə təşviq etmək məqsədilə bir sıra addımlar atırlar.
Bilindiyi kimi, dünyanın aparıcı hava yolu şirkətlərindən biri olan Emirates sərnişinlər üçün yerindəcə koronavirus testi edən ilk hava yolu şirkəti olmuşdu. Birləşmiş Ərəb Əmirliklərinə məxsus bu hava yolu şirkəti mövcud şəraitlə bağlı yeni addımlar atmağa davam edir.
Bu aviaşirkət uçuşdan əvvəl koronavirus testi edən ilk şirkət oldu
Banco.az xarici mətbuata istinadla bildirir ki, Emirates sərnişinlərinə pulsuz Covid-19 sığortası təqdim edən hava yolu şirkətlərindən biri olub.
Qeyd edilir ki, sərnişinlər səyahət əsnasında koronavirusa yoluxarsa, tibbi müalicə, otel karantini, hətta həyatlarını itirdikləri təqdirdə, dəfn xərcləri hava yolu şirkəti tərəfindən qarşılanacaq. Şirkət sözügedən sığortanın hər hansı bir sərnişinin səyahət müddətinin başlanğıcından 31 gün ərzində qüvvədə olduğunu və bu prosedurun oktyabr ayının sonuna qədər sərnişinlərə təklif ediləcəyini açıqlayıb.
Emirates tərəfindən təklif edilən Covid-19 sığortası uçuş sinfi və ya destinasiyadan asılı olmadan bütün müştərilər üçün pulsuz olacaq və bunun üçün xüsusi qeydiyyat prosedurasına ehtiyac yoxdur.
Bununla yanaşı, hava yolu şirkəti sığortanın 150 min avro dəyərində tibbi xərcləri qarşılayacağını bildirilib. Həmçinin bu sığorta bir oteldə iki həftəyədək gündəlik 100 avro olmaqla karantinə alınma xərclərini də əhatə edir. Sərnişinin vəfat etməsi halında isə sığorta dəfn xərcləri üçün 1500 avro ödəmə həyata keçirəcək.
Həmçinin oxu: Hava Yolu şirkətindən qeyri-adi yarışma
Bizi sosial şəbəkələrdən izləyin!!