Süni intellekt saxta məlumatların yayılmasının qarşısını ala biləcəkmi? - AÇIQLAMA | Banco.az

Süni intellekt saxta məlumatların yayılmasının qarşısını ala biləcəkmi? - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Müasir dövrdə informasiya müharibələri, saxta xəbərlərin (fake news) və manipulyasiya edilmiş məzmunun sürətlə yayılması cəmiyyətlər üçün ciddi problemə çevrilib. Bu cür halların qarşısını almaq və informasiya təhlükəsizliyini təmin etmək məqsədilə süni intellekt əsaslı həllər inkişaf etdirilir.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti, informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev Banco.az-a süni intellektin bu sahədə oynadığı rola diqqət çəkərək bildirib ki, 2023-2027-ci illəri əhatə edən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası çərçivəsində saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün xüsusi alətlər tətbiq ediləcək:

“Süni intellektin əsas tətbiq sahələrindən biri yayılan məlumatların doğruluğunu təhlil edən fakt yoxlama alqoritmləridir. Bu alqoritmlər müxtəlif mənbələrdən məlumat toplayaraq onların etibarlılığını qiymətləndirir və yanlış informasiyanın yayılmasının qarşısını alır.

Bu yanaşma cəmiyyətdə informasiya qarışıqlığını aradan qaldırmaq və insanları dəqiq bilgilərlə təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir. Fakt yoxlama sistemləri jurnalistlərin, xəbər agentliklərinin və sosial media platformalarının işini asanlaşdıraraq, dezinformasiyaya qarşı effektiv vasitə kimi çıxış edir. Sosial media platformaları saxta xəbərlərin yayılması üçün ən geniş istifadə edilən məkanlardan biridir. Bəzi hallarda bu cür xəbərlər qərəzli məqsədlər üçün yayılır, bəzən isə troll və bot hesablar vasitəsilə geniş kütlələrə çatdırılır”.

B. Əliyevin sözlərinə görə, süni intellekt bu sahədə də mühüm rol oynayır. Belə ki, sosial şəbəkələrdə paylaşılan məzmunlar avtomatik olaraq analiz edilərək manipulyasiya olunmuş və ya yanlış məlumatlar müəyyən edilir. Eyni zamanda, süni intellekt bot və trolların fəaliyyətini izləyərək onların yaydığı informasiyaları təsnifləndirə və şübhəli məzmunları məhdudlaşdıra bilir:

 “Bu yanaşma təkcə saxta xəbərlərin yayılmasını əngəlləmir, həm də insanların sosial mediada qarşılaşdıqları məlumatların daha etibarlı olmasına imkan yaradır. Son illərdə manipulyasiya edilmiş videolar, xüsusilə deepfake texnologiyası ilə yaradılan saxta məzmunlar geniş yayılıb. Bu texnologiya vasitəsilə real insanların görüntüləri və səsləri dəyişdirilərək yalançı məlumatlar yayılır ki, bu da siyasi və ictimai sabitliyə ciddi təhdid yaradır. Süni intellekt əsaslı alətlər deepfake videoların və şəkillərin analizini apararaq onların həqiqiliyini müəyyən edə bilir. Bu texnologiya media manipulyasiyasına qarşı effektiv mübarizə vasitəsi olaraq tətbiq edilir.

Mətnlərdə emosional və manipulyativ ifadələrin analizi aparılaraq, xəbərlərin və sosial media postlarının şübhəli olub-olmadığını müəyyən etmək mümkündür. Beləliklə, insanlar emosional təsir altına düşərək yanlış qərarlar verməkdən qorunurlar" – deyə ekspert qeyd edib.

Saxta xəbərlərin yayılmasının qarşısının alınması informasiya mühitinin təmizlənməsinə və həqiqətə uyğun məlumatın yayılmasına şərait yaradır. Ekspert hesab edir ki, süni intellekt əsaslı həllərin tətbiqi Azərbaycanın informasiya təhlükəsizliyini gücləndirəcək və dezinformasiyaya qarşı effektiv müdafiə mexanizmi yaradacaq:

"Bu yanaşmalar yalnız informasiya müharibələrinin qarşısını almaqla kifayətlənmir, həm də ölkəmizin daha məlumatlı və təhlükəsiz cəmiyyətə çevrilməsinə töhfə verir" – deyə Bəhruz Əliyev vurğulayıb.