Müəllif: Tamara Mustafayeva, Banco.az
Süni intellekt elektrik istehlakını sürətləndirir.
Banco.az xəbər verir ki, “Google”, “Microsoft” və “Amazon” kimi texnologiya şirkətləri süni intellektə əsaslanan elektrik istehlakının artması nəticəsində yeni enerji investisiyalarına üz tuturlar.
ABŞ-ın investisiya bankı “Goldman Sachs” tərəfindən dərc edilən hesabata görə, məlumat mərkəzlərinin enerji istehlakı uzun illərdir sabit qalsa da, məhsuldar süni intellekt alətlərinin sürətlə artması ilə məlumat mərkəzlərinin enerji tələbatının 2030-cu ilə qədər 160 faiz artacağı gözlənilir.
Hesabata görə, hazırda dünya üzrə məlumat mərkəzləri ümumi enerjinin təxminən 2 faizini istehlak edir, lakin 2030-cu ilə qədər bu nisbətin 3-4 faizə yüksələcəyi proqnozlaşdırılır.
Son 10 ildə ABŞ-da enerji tələbatında demək olar ki, artım olmasa da, 2022-2030-cu illəri nəzərə alaraq, məlumat mərkəzləri və digər ehtiyaclar da daxil olmaqla, bu tələbin təxminən 2,4 faiz artacağı gözlənilir.
Bu çərçivədə texnologiya nəhəngi “Google” süni intellekt məlumat mərkəzlərinin enerji tələbatını qarşılamaq üçün kiçik nüvə reaktorlarından istifadə edəcəyini açıqlayıb. Bunun üçün şirkət “Kairos Power” adlı şirkətlə müqavilə imzalayıb.
ChatGPT-nin sahibi “OpenAI” ilə tərəfdaşlığı olan “Microsoft” da enerji sərmayələrini davam etdirir. Şirkət sentyabr ayında “Three Mile Island” elektrik stansiyasında əməliyyatların yenidən başlaması ilə bağlı müqavilə imzalayıb.
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, süni intellekt tətbiqləri ilə edilən sorğular böyük həcmdə enerji sərf edir. Müqayisə üçün qeyd edilib ki, ChatGPT sorğusu 2,9 vatt-saat elektrik enerjisi, “Google” axtarışı isə 0,3 vatt-saat elektrik enerjisi sərf edir.
Bizi sosial şəbəkələrdən izləyin!!