Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Azərbaycan Energetika nazirliyinin açıqladığı son məlumata görə , bu ilin yanvar-aprel aylarında Avropaya 4,2 milyard kubmetr təbii qaz ixrac edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 300 milyon kubmetr və ya 7,7 % artıb”.
Bunu Banco.az-a açıqlamasında neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O bildirib ki, ümumilikdə ötən 4 ay ərzində Azərbaycandan xaricə qaz satışı 8,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artım deməkdir:
“Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri ilə 1,8 milyard kubmetrə yaxın qaz nəql olunub.
Qeyd edim ki, Azərbaycan energetika nazirliyinin cari ilin 4 ayının yekunları üzrə elektrik enerjisinə dair açıqladığı hesabat artıq bərpa olunan və alternativ enerji mənbələrindən əldə edilən “işığın” xüsusi çəkisinin 11,4%-ə qədər artdığını göstərir”.
Ölkədə qazdan alınan elektrik enerjisinin xüsusi çəkisinin 90%-dən aşağı düşdüyünü bildirən İlham Şaban bunu müasir elektrik enerjisi tariximizin önəmli hadisəsi hesab edib:
“İstilik elektrik stansiyalarının ümumi enerji istehsalında payı 88,6%-ə qədər azalıb. Əvvəllər bu göstərici 94 faiz ətrafında idi. Çünki suyun və günəşin enerjisinin elektrikə çevrilməsi hesabına artıq xeyli enerji istehsal edirik və gələcəkdə işğaldan azad edilmiş bölgələrimizdə yeni-yeni stansiyalar istismara verildikcə, yaşıl enerjimiz daha da artacaq”.
Bizi sosial şəbəkələrdən izləyin!!