Tamara Mustafayeva, Banco.az
Texnologiya nəhəngi Apple firması ilə bağlı bu vaxta qədərki ən mühüm hekayələrdən biri şübhəsiz ki, şirkətin həmtəsisçisi Stiv Cobsun 1980-ci ilin ortalarında şirkətdən qovulmasına dair yayılan əhvalatdır. Bu əhvalat illər boyunca müxtəlif formalarda nəql edilib. Əksər iddialara görə Stiv Cobs o dövrdə Apple CEO-su olan Con Skulley (John Sculley) ya da idarə heyəti tərəfindən qovulub.
Sözügedən əhvalata görə, hadisələr Stiv Cobsun şirkətin marketinq büdcəsini "Apple II"dən "Macintosh Office"ə yönəltmək planını idarə heyətinin qəbul etməməsi ilə başlayır. Daha sonra isə Cobs "Macintosh" komandasının rəhbəri vəzifəsindən uzaqlaşdırılır və şirkətdən çıxmağa vadar edilir. Başqa sözlə desək, Cobs öz istəyi ilə şirkətdən çıxırmış kimi görünsə də, bu, elə özlüyündə qovulmaq demək idi.
Həmin vaxtdan 30 ildən çox keçməsinə baxmayaraq, əhvalat adətən bu formada nəql edilirdi. Ancaq həmin dövrün CEO-su Con Skulley isə daha əvvəl də bir neçə dəfə hadisələrin arxa fonunda yaşanılanları danışmışdı.
Macintosh Office Qalmaqalı
Con Skulley məsələ ilə bağlı açıqlamasında Stiv Cobsla aralarında yaranan anlaşılmazlığın əsas səbəbinin "Macintosh Office" olduğunu bildirib. Onun sözlərinə görə, 1985-ci ildə bazara çıxarılan "Macintosh Office" kompüteri uğursuzluğa düçar olmuş və bundan sonra Stiv Cobs depressiyaya düşmüşdü. Hətta Cobs bu uğursuzluğun Skulleyin səhvi olduğuna inanırmış. Çünki Skulley sözügedən kompüterlərə yüksək qiymətlər müəyyən edilməsində təkid etmişdi.
Stiv Cobs və Con Skulley
Bu hadisələrdən sonra Cobs Skulleyə "Macintosh Office"in qiymətini aşağı salmaq və marketinq büdcəsinin əksər qismini "Apple II"dən "Macintosh Office"ə yönəltmək istədiyini, beləliklə də satışları artırmağa nail olacaqlarını söyləyir. Skulley isə bununla heç nəyin dəyişməyəcəyini, çünki "Macintosh"un satılmamasının səbəbinin qiymət və ya reklamla əlaqədar olmadığını bildirir. Skulleyin sözlərinə görə, "Macintosh Office" kifayət qədər güclü kompüter deyildi və satılmamasının yeganə səbəbi də məhz bu idi.
Stiv Cobs isə onunla həmfikir deyildi. Odur ki, Skulley məsələni idarə heyətinin müzakirəsinə təqdim edir. 7-8 gün davam edən iclaslardan sonra Skulley haqlı hesab edilmiş və idarə heyəti Stiv Cobsdan "Macintosh" departamentinə rəhbərlik etməsini dayandırmağı tələb etmişdi. Yəni, Stiv Cobs şirkətdən tamamilə qovulmamış, idarə heyətində hələ də ixtiyar sahibi idi. Ancaq onun kimi bir insan üçün bu qərarın qovulmaqdan fərqlənmədiyini yəqin ki, hər birimiz bilirik.
Həmçinin oxu: Texnologiya tarixinə damğa vurmuş 5 SƏHV proqnoz
Bizi sosial şəbəkələrdən izləyin!!