Anadan olduğu tarix: 24 fevral 1955 (yaş 56) ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhəri,
Məşğuliyyət: “Apple” şirkətinin yaradıcısı, “Uolt Disney” şirkətinin İdarə heyətinin üzvü
Xüsusi kapital: 5.5 milyard (2010)
Din: Buddizim
Şəxsi həyat: Laurene Pauellə evli olub, 4 övladı var
Stiven Pol – biz isə onu Stiv Cobs kimi tanıyırıq. 24 fevral 1955-ci ildə ABŞ-ın San-Fransisko şəhərində anadan olub. Amerikanın ən işgüzar maqnatıdır. Eyni zamanda məşhur “Apple” şirkətinin həmtəsisçisidir. Bu günə qədər o həm də “Apple”-ın baş icraçı direktoru idi. Onun icraçı direktor vəzifəsindən istefası İT sənayesində şok-effekti yaratdı desək, yanılmarıq. Dünya mətbuatı “Əfsanəvi rəhbər getdi” başlığı ilə onun gedişini şərh etməyə çalışdı. Əslində isə onun gedişi nə qədər təəccüblü idisə, bir o qədər də gözlənilən idi. Yazının davamında buna aydınlıq gətirməyə çalışacağıq. İndi isə gəlin İT sənayesinin nüfuzlu simasının ömür yoluna və fəaliyyətinə nəzər salmağa davam edək.
İnformasiya texnologiyaları sektorunda çalışan hər kəs bilir ki, Stiv biznesdə çox uğurludur və o, «Silikon vadisi» sahibkarının əsas obrazlarından biridir. Stiv Cobs 1976-cı ildə dostu Stiven Voznyakla birlikdə “Apple” şirkətini yaradaraq adını qətiyyətlə tarixə yazmağa müvəffəq oldu. 1985-ci ildə şirkəti tərk edən Cobs şəxsi “NeXT Computer” şirkətini qurur. Lakin 1996-cı ildə yenidən “Apple”-ın “başı”na keçən Cobs səmərəli fəaliyyəti nəticəsində kompüter bazarında şirkətin xüsusi payını əhəmiyyətli dərəcədə artırır.
TƏRCÜMEYİ-HALI BARƏDƏ MƏLUMATLAR OLDUQCA KASAD OLAN MƏŞHUR
Stiv Cobs özünün şəxsi həyatına dair məlumatları qısqanccasına ictimaiyyətdən qorumağı ilə tanınır və onun tərcümeyi-halı barədə məlumatlar olduqca kasaddır. Cobsun həyatı haqqında dörd min sözlük məqalə dərc edən “Sandi Tayms” qəzeti nəşri dayandırmaq üçün “Apple” şirkəti tərəfindən müxtəlif təzyiqlərlə üzləşmişdi. Ona görə də qaraciyər köçürməsi barədə Cobsun özünün ictimaiyyətə məlumat verməsi böyük səs-küy yaratmışdı. Amma sonra məlum olur ki, Stiv Cobsun şəxsi təşəbbüsü ilə onun tərcümeyi-halı yazılırmış və yaxın müddətə kitab halında oxucuların ixtiyarına veriləcəkdi. Stiv Cobs 2011-ci ildə xərçəng xəstəliyindən vəfat edib.
RƏSMİ BİOQRAFİYASININ YAZILMASINA ÖZÜ RAZILIQ VERİB
“Nyu-York Tayms” qəzetinin verdiyi məlumata görə, Stiv Cobs rəsmi bioqrafiyasının yazılmasına özü razılıq verib. Bu bioqrafiyanı tanınmış jurnalist və yazıçı Volter Ayzekson yazır, Cobs isə öz növbəsində bütün zəruri informasiyaları onunla həvəslə bölüşür. Bioqrafiyanın müəllifi olan Volter Ayzekson keçmişdə məşhur “Taym” jurnalında redaktor işləyib, bundan öncə isə Eynşteyn və Bencamin Franklin haqqında bestseller kitablar yazıb.
SƏHHƏTİ ONA İMKAN VERMƏDİ
Bir müddət əvvəl qara ciyərində problem olan Cobsa yeni ciyər nəql edilmişdir. Bu səbəbdən də, o, beş aylıq məzuniyyət götürmüşdü. Həmin vaxt şirkətin əməkdaşlarına elektron poçt vasitəsi ilə göndərilmiş məktubda S.Cobs öz qərarını “işdən müvəqqəti kənarlaşmaq və səhhəti ilə məşğul olmaq” istəyi ilə izah etmişdi. Qeyd edək ki, Stiv Cobsun səhhətinin pisləşməsi barədə şayiələr uzun müddətdir gəzir. Bununla belə, o, dəfələrlə ölümcül xəstə olması və bu səbəbdən ənənəvi olaraq “Apple”-ı tərk etməsi ilə bağlı şayiələri təkzib edib. “Həkimlər hesab edirlər ki, səbəb hormonal disbalansdır ki, buna görə də mənim bədənimdə normal həyat tərzini təmin edən zülal çatışmamazlığı müşahidə olunur”, — deyə S.Cobs qeyd edib. “Apple” rəhbərinin ağır xəstə olması haqqında ilk şayiələr, onun növbəti çıxışa arıqlamış halda gəldiyindən sonra yayılmışdır.
Dekabr ayının ortasında “Apple” nümayəndələri bəyan etmişlər ki, 2009-cu ildə şirkət “Macworld”-da son dəfə iştirak edəcək. Həmin vaxtda şirkət qeyd etmişdir ki, bu tədbirdə Stiv Cobsu “Apple”-ın marketinq üzrə vitse-prezidenti Filip Şiller əvəz edəcək. Stiv Cobs indiyədək heç bir “Macworld”-u buraxmadığına görə onun xəstəliyi haqqında şayiələr daha kəskin yayılmağa başlamışdı. Və məhz bu şayiələr S.Cobsu açıq məktub yazmağa vadar etmişdi. Onun sözlərinə görə, əgər o, nə vaxtsa öz səlahiyyətlərini yerinə yetirə bilməyəcəksə, bu barədə dərhal direktorlar şurası məlumatlandırılacaq. “Apple” rəhbəri hələ o vaxt bildirmişdi ki, onun ofisdə fiziki yoxluğu heç də işlərdən tam kənarlaşması deyil. “İcraçı direktor kimi mən məzuniyyətdə olduğum zaman əsas strateji qərarların qəbulunda iştirak etməyi planlaşdırıram”, — deyə, S.Cobsun yazdığı məktubunda qeyd olunurdu.
O özü haqqında danışılmasını sevməsə də, kütləvi informasiya vasitələri ictimaiyyət üçün maraqlı olan bu şəxs haqqında məlumat yaymaqdan vaz keçmir. Belə ki, bir müddət dünya mətbuatını Stiv Cobsun illik məvacibi ilə bağlı maraqlı məlumatlar zəbt etmişdi. Çünki onun əməkhaqqı öz orijinallığı ilə seçilirdi. Belə ki, onun illik məvacibinin məbləği cəmi 1 ABŞ dolları təşkil edir. Artıq icraçı direktora, əvvəlki illərdəki kimi, yüzminlərlə və ya milyonlarla dollarlıq bonus da verilmir. Misal üçün, 2008-ci ildə S.Cobsun bonuslarının məbləği 871 min dollar olmuşdur. 2009-cu ildə isə o, cəmi 4 min dollar şəxsi təyyarəsi ilə uçuşlara görə kompensasiya alıb. Şirkətin rəhbəri şəxsən bonuslardan imtina edərək, onun payına düşən mükafatların digər top-menecerlərə verilməsini istəyib.
KÜTLƏNI CANLANDIRMAQ BACARIĞINA MALIK XARIZMATIK LİDER
Onun rəhbərlik etdiyi kollektivin 97 faizi bu mövqedə “Apple” rəhbərini dəstəkləyib. Belə ki, S. Cobsa tabeliyində olan əməkdaşları tərəfindən ən maraqlı xarakteristika verilib – “kütləni canlandırmaq bacarığına malik, olduqca xarizmatik bir lider”. Doğrudan da, “Apple” korporasiyasının işıq üzü görən istənilən yeni məhsulu bazara daim özünəməxsus ajiotajla çıxır.
XIRDA DƏYƏRLƏRƏ BÖYÜK YANAŞMA
Məşhurların iş həyatı ilə yanaşı, onların şəxsi həyatları da həmişə insanlar üçün maraqlı olur. Özünün uğurlu biznes karyerası ilə gündəmdən düşməyən Cobsun yaşam tərzi olduqca sadə elementləri özündə ehtiva edir. Deyilənə görə, 1984-cü ildə Cobs özünə 17 000 kvadratmetrlik, 14 yataq otağı olan malikanə alıb. O, on il ərzində bu böyük evdə yaşayıb. Məlumatlara görə, o, qonaq otağında köhnə, sevimli “BMW” motosiklini saxlayırmış. Stivin sevimli motosiklindən hətta ABŞ-ın eks-prezidenti Bill Klinton belə istifadə edib.
SEVİMLİ VƏ ZÖVQSÜZ
O, adətən qara, uzunqollu köynəklərdən və göy cins şalvarlardan, eləcə də “krassovka”lardan istifadə edir. “GQ” jurnalının təşkil etdiyi reytinq cədvəlində “Silikon Vadisinin 15 ən zövqsüz geyinən biznesmeni” arasında Cobsun ikinci yeri tutması onun geyim tərzi ilə əlaqədardır. Jurnalda zarafatca qeyd ediblər ki, “Apple” hər yarım saniyədən bir “iPhone” istehsal edir, lakin öz rəhbərini “yeniləməyi” heç cür bacarmır. Bütün bu maraqlı xüsusiyyətlərlə yanaşı, o həm də vegeteriandır. Yəni heç bir ət yeməklərindən istifadə etməyi sevmir. Cobs “Dell” kompyuter şirkətinin baş icraçı direktoru Maykl Dellə “soyuq müharibə” aparır. Bu iki şəxs zaman-zaman yeni istehsal etdikləri məhsulları tənqid edirlər. Beləliklə, onlar arasında soyuq münasibət illərdir davam edir.
Müəllif: Zamirə İlqar (mənbə: Kayzen)