“Spotify” 17 illik fəaliyyətində ilk dəfə gəlirli olub | Banco.az

“Spotify” 17 illik fəaliyyətində ilk dəfə gəlirli olub

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın aparıcı musiqi axını xidməti olan “Spotify”, 2008-ci ildə istifadəyə verildikdən bəri ilk dəfə olaraq ili xalis mənfəətlə başa vurub.

Banco.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

Şirkətin 2024-cü il üçün xalis mənfəəti 1,14 milyard avro təşkil edib ki, bu da bir il əvvəl qeydə alınan 532 milyon avro zərərlə müqayisədə əhəmiyyətli irəliləyişdir.

Ötən ilin noyabrında “Spotify” bu mühüm mərhələyə çatmaq niyyətini artıq elan etmişdi. Ümumi illik gəlir 2023-cü ildəki 13,2 milyard avrodan 15,6 milyard avroya qədər yüksəlib.

Bu artıma ödənişli Premium abunəçilərinin sayının illik müqayisədə 11% artaraq 236 milyondan 263 milyon istifadəçiyə çatması səbəb olub. Aylıq aktiv istifadəçilərin ümumi sayı da 12% artaraq 675 milyona çatıb.

Bu müddət ərzində pleylistlərin yaradılması və audiokitabları dinləmək üçün süni intellektə əsaslanan yeni funksiyalar təqdim edilib. Bununla belə, hesabatda çoxdan gözlənilən keyfiyyət itkisi olmadan audio axını funksiyasının nə vaxt işə salınacağı qeyd edilməyib.