Maliyyə bazarlarında fəaliyyət göstərən valyuta spekulyatorları ötən həftə ABŞ dollarında olan xalis qısa mövqelərini artıraraq son 5 ilin maksimal həddinə çatdırıblar. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə statistik məlumat ABŞ-ın Əmtəə fyuçersləri üzrə Ticarət Komissiyası (CFTC) tərəfindən verilib.
Beynəlxalq valyuta bazarında 23-29 sentyabr həftəsində spekulyatorlar ABŞ dollarının yen, avro, funt sterlinq, İsveçrə frankı, Kanada və Avstraliya dolları ilə müqayisədə qısa mövqeyini 17,36 mlrd. dollara çatıdırıblar. Xatırladaq ki, bundan bir həftə əvvəl xalis qısa mövqe 13,19 mlrd. dollar təşkil edib.
Yeni Zelandiya dolları, Meksika pesosu, Braziliya realı və Rusiya rublunda isə qısa mövqe 16,65 mlrd. dollardan 21,13 mlrd. dollara yüksəlib.
Qeyd edək ki, ABŞ dolları FED-in açıqlamalarından sonra dekabr iclasında uçot dərəcəsinin artması ehtimallarının yüksəlməsi ilə möhkəmlənməyə başlayıb. Möhkəmlənmə həmçinin ABŞ-da vergi islahatlarının keçirilməsi xəbəri ilə dəstəklənir.