Müəllif: Tamara Mustafayeva, Banco.az
“SpaceX” IPO-dan sonra yeni borc toplama addımı atır.
Banco.az xəbər verir ki, İlon Maska məxsus raket, peyk və süni intellekt texnologiyaları şirkəti “SpaceX” rekord həcmdə – 75 milyard dollarlıq ilkin kütləvi səhm təklifindən (IPO) sonra yeni borclanma mərhələsinə başlayır. Şirkət tarixində ilk dəfə olaraq “investisiya edilə bilən” reytinq səviyyəsində istiqraz buraxılışına hazırlaşır.
“Bloomberg”in məlumatına görə, daha əvvəl şirkətə qısamüddətli körpü krediti təqdim etmiş Bank of America, Citigroup, Goldman Sachs, JPMorgan Chase & Co. və Morgan Stanley investorlarla görüşlər keçiriblər.
Bu görüşlərdən sonra müddəti 5 ildən 30 ilədək dəyişən istiqrazların buraxılışına başlanacağı gözlənilir.
Hədəf ən azı 20 milyard dollar vəsait cəlb etməkdir
“Bloomberg”in ötən həftə yaydığı məlumata əsasən, “SpaceX” bu istiqraz emissiyası vasitəsilə ən azı 20 milyard dollar vəsait toplamağı planlaşdırır.
Cəlb olunacaq vəsait şirkətin 29,1 milyard dollar həcmində olan uzunmüddətli borcunun böyük hissəsini təşkil edən və təxminən eyni məbləğdə olan körpü kreditinin yenidən maliyyələşdirilməsinə, yəni borcun daha əlverişli şərtlərlə əvəzlənməsinə yönəldiləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
