"Standard & Poor’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2016-2019-cu illərdə bir sıra iqtisadi göstəriciləri üzrə proqnozlarını açıqlayıb. "Report"un "S&P" agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın hesabat dövründə adambaşına milli gəlirinin müvafiq olaraq 3 900, 4 200, 4 600 və 4 900 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılıb. Real investisiyaların artım göstəricisinin 2016-cı ildə 4,5%, növbəti illərdə isə 5%, 4,7% və 2% olacağı ehtimal edilir.
Agentlik ixracın ÜDM-də xüsusi çəkisinin 2016-cı ildə 38,9% təşkil edəcəyini, növbəti 3 ildə isə artaraq müvafiq olaraq 39,5%, 41,6% və 42,8% olacağını proqnozlaşdırır. "S&P" Azərbaycanda işsizlik göstəricisinin 2016-cı ildə son 6 ilin maksimal həddinə çataraq 5,5%-ə yüksələcəyini, növbəti ildən isə azalmağa başlayacağını və 2017-ci ildə 5,4%, 2018-də 5,2% və 2019-cu ildə 5%-ə düşəcəyini ehtimal edir.
"S&P" ticarət balansının ÜDM-də xüsusi çəkisinin 2016-cı ildə 10,5% olacağını və növbəti illərdə müvafiq olaraq 11,4%, 13,5% və 14,7% təşkil edəcəyini gözləyir. Xatırladaq ki, 2010-cu ildə bu göstərici 36,7% təşkil edib və sonrakı illərdə tədricən azalıb.
Fiskal göstəricilərə toxunan "S&P" agentliyi, 2016-cı ildə büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisinin 34,5%, növbəti illərdə isə müvafiq olaraq 33,5%, 31% və 29% təşkil edəcəyini, büdcə xərclərinin ÜDM-də xüsusi çəkisinin isə 2016-cı ildə 38%, növbəti illərdə isə 35%, 30,5% və 28% olacağını ehtimal edir.
Reytinq agentliyi Azərbaycanın borclarının ÜDM-də xüsusi çəkisinin 2016-cı ildə 16,7%, növbəti illərdə isə azalaraq müvafiq olaraq 17%, 16,6% və 16,3% təşkil edəcəyini proqnozlaşdırır. Agentlik 2016-cı ildə inflyasiyanın 12%, növbəti illərdə isə hər il 4% olacağını ehtimal edir.