Sovet saatları qlobal lüks bazarında yeni trendə çevrilir | Banco.az

Sovet saatları qlobal lüks bazarında yeni trendə çevrilir

Müəllif:Mehin Qasımova,Banco.az

Sovet İttifaqının sənaye dövründən qalan mexaniki saatlar artıq sadəcə nostalji aksesuar kimi deyil, qlobal lüks bazarında diqqət çəkən məhsullar kimi qiymətləndirilir.

Banco.az xəbər verir ki, bir vaxtlar kosmonavtlar və qütb tədqiqatçıları tərəfindən istifadə olunan bu saatlar indi elit zövqün simvoluna çevrilməkdədir.

Tarixən bu saatlar estetikadan çox davamlılıq və funksionallıq üzərində qurulub. 1961-ci ildə Yuri Qaqarinin kosmosa ilk uçuşu zamanı “Sturmanskie” saatı taxması bu modellərin simvolik dəyərini daha da artırıb.

Hazırda isə “Raketa” və “Pobeda” kimi brendlər sovet irsini müasir dizaynla birləşdirərək onları beynəlxalq bazara çıxarıb. Bu saatlar artıq Paris və London kimi şəhərlərdə butik mağazalarda satışa təqdim olunur və İsveçrə istehsalı modellərə alternativ kimi göstərilir.

Maraqlı məqamlardan biri də  Rusiya Prezidenti Vladimir Putin kimi siyasi fiqurların seçimidir. O, Qərb lüks brendləri ilə yanaşı, yerli istehsal saatlardan da istifadə edir. Xüsusilə Rusiyanın ən qədim saat istehsalçılarından olan Petrodvorets Saat Zavodu tərəfindən istehsal edilən “Raketa” modelləri bu tendensiyanın simvollarından sayılır.

Eyni zamanda, qlobal bazarda vintaj məhsullara artan maraq sovet saatlarının yenidən populyarlaşmasına səbəb olub. Müasir modellər minlərlə dollara satıldığı halda, sovet dövrünə aid nadir nümunələr hərraclarda yüksək qiymətlərlə alıcı tapır.

Məlumata görə, bu marağın arxasında təkcə dizayn deyil, həm də tarixi faktor dayanır. 

Beləliklə, sovet saatları bu gün həm tarixi miras, həm də lüks istehlak məhsulu kimi qlobal bazarda özünə yeni yer qazanır.