Sosial intellektinizi inkişaf etdirmək üçün nələri etməlisiniz? | Banco.az

Sosial intellektinizi inkişaf etdirmək üçün nələri etməlisiniz?

Karyera kouçu yüksək sosial intellektə sahib insanların etdiyi 5 şeyi açıqlayıb.

Maykl Tomson şirkət rəhbərlərinə və sahibkarlara düzgün münasibətlər quraraq daha çox imkanlar yaratmağa kömək edən bir karyera və ünsiyyət məşqçisidir.

Yüksək sosial intellektə malik insanları öyrənməklə ətrafdakılarla daha yaxşı qarşılıqlı münasibətlər qurmağı öyrənə bilərsiniz. Aşağıda sadalanan 5 addımı ataraq artıq bu gün öz sosial intellektinizi inkişaf etdirməyə başlayın. Maykl Tomsonun tövsiyələrinə əməl edin:

Yüksək sosial zəkaya sahib olan insanlar tanışlıqlarını fəal şəkildə bölüşürlər.

Yüksək sosial intellektli insanlar başa düşürlər ki, problemləri həll etməyin ən yaxşı yolu güclü tanışlıq şəbəkəsidir. Bunu əslində çox insan bilir. Lakin yüksək sosial zəkaya sahib insanlar digərlərindən onunla seçilir ki, güclü tanışlıq şəbəkəsinin qurulmasının ən yaxşı yolunun digər insanlara öz şəbəkələrini qurmaları üçün kömək etmək olduğunu anlayırlar.

Kimsə qarşılaşdığı problem barədə sizə danışmağa başlayanda ona vaxt ayırın və əvvəllər oxşar vəziyyətlərlə qarşılaşmış dostlarınız barədə düşünün. Sonra bir addım irəli atın və onları bir-biri ilə tanış edin.

Yüksək sosial zəkası olan insanlar başqalarını mühakimə etmirlər.

Sosial statusundan asılı olmayaraq hər kəsə ehtiramla və nəzakətlə yanaşmaq sosial intellektin yüksəkliyinə dəlalət edir. Belə insanlar dünyanın kiçik olduğunu və hər kəsin həyatlarına istənilən anda girə biləcəyini, yaxud da çıxmaq ehtimalı olduğunu dərk edirlər.

Növbəti dəfə evdən çıxanda yüksək sosial zəkası olan insanların bu davranışını özünüzə tətbiq edin: Mobil telefonu bir kənara qoyun və başınızı qaldırın. Sonra qarşılaşdığınız hər tanışla gülümsəyərək salamlaşın. Sizin salamınızı alan şəxs üçün

bunun nə qədər yaddaqalan olduğuna təəccüblənəcəksiniz. Bu təsiri izah etmək çox sadədir: Günümüzdə insanların çoxunun başı özünə elə qarışıb ki, xoşbəxtliyin sirrinin gözlərinin qabağında olduğunu başa düşə bilmirlər.

Yüksək sosial zəkası olan insanlar danışmaqdan daha çox qulaq asırlar.

Yekunda kimin qalib gələcəyini bilmək istəyirsiniz? Dinləyicilər. Yüksək sosial zəkası olan insanlar bunu çox yaxşı başa düşürlər. Odur ki, daim özü barədə danışmaq yerinə ilk növbədə digər insanlarla maraqlanırlar.

İnsanların xoşuna gəlməyin ən sürətli yolu onları bəyəndiyinizi göstərməkdir. Yüksək sosial intellekt sahibləri insan davranışının bu aspektini tez-tez sınaqdan keçirirlər. Dinləmək əvəzinə bir az sonra nə danışacağını düşünən insanların əksinə inkişaf etmiş sosial zəkası olan insanlar bütün diqqətini həmsöhbətinə verərək qulaq asır.

Ən sərfəli kredit üçün müraciət et

Növbəti dəfə başqa bir insanla danışanda danışmaqdan daha çox dinləmək istədiyinizi şüuraltınıza qeyd edin. Münasibətlərin qurulmasına gəldikdə bunun nə dərəcədə effektiv olduğunu görəcəksiniz.

İnkişaf etmiş sosial zəkası olan insanlar hər bir qarşılıqlı əlaqəyə təhsil imkanı kimi yanaşırlar.

Həmçinin oxu: Əmək məhsuldarlığını necə artırmaq olar?

İnkişaf etmiş sosial zəkaya sahib insanlar ətrafdakıların nəzər nöqtələrini, düşüncələrini və hisslərini öyrənməkdən zövq alırlar. Çünki onsuz da bildikləri şeyi artıq bildiklərini anladıqları üçün digər insanların bildiklərini öyrənərək həyatlarını daha maraqlı etməyə meyllidirlər.

Bizim yeganə vəzifəmiz hər bir insanı bizimlə tanışlıqdan əvvəl olduğundan daha yaxşı biri etməkdir. Bunun üçün həmin şəxsə müəllim rolunu öz üzərinə götürmək faydalı ola bilər. Ona görə də bu gündən etibarən hər yeni insanla tanış olduqda onun daxili aləmini öyrənin, bir tələbə olaraq qalın və ətrafınızdakı insanların fikirlərini, düşüncələrini, hisslərini mənimsəyin. Möhkəm əlaqələr qurmaqda dinləmək qabiliyyəti əvəzsizdir. Bunu Deyl Karnegi də dəfələrlə vurğulayıb.

İnkişaf etmiş sosial zəkaya sahib insanlar sırf paylaşmaq üçün paylaşırlar.

İnkişaf etmiş sosial zəkaya sahib olan insanlar etdikləri yaxşılığın müqabilində nəyisə alıb-almayacaqlarını düşünərək boş oturmurlar. Con Maksvell bir dəfə demişdi: “Hesab-kitab tutmaq dostluqlar üçün deyil, oyunlar üçündür”. Vermək üçün verin və əmin olun ki, digər insanlara yaxşılıq etmək həmişə düzgün hərəkətdir.

Bu gün kiməsə yaxşılıq etmək fürsətiniz varsa, çəkinməyin və ya bu xeyir əməldən necə mənfəət götürə biləcəyinizi düşünməyin. Başqa insanlara məqsədlərinə çatmaqda kömək etməklə özünüzü inkişaf etdirəcəksiniz.

Bizim İQ-mızdan söhbət getdikdə, burada genetika əhəmiyyətli bir rol oynayır və onu inkişaf etdirmək üçün əlimizdən elə də çox şey gəlmir. Xoşbəxtlikdən sosial zəkanın inkişaf etdirilməsi məsələsinə gəldikdə özümüzə çox kömək edə bilərik. Çünki hər yeni görüş bacarıqlarımızı inkişaf etdirmək üçün yeni bir imkandır.

Nigar Umaxanlı, Finco.az