“Sosial evlərə sahib olmaq istəyənlər mayın 1-dən başlayaraq elektron müraciət edə biləcəklər”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, təklif ediləcək ilk sosial evlərə güzəştli ipoteka almaq hüququ olan gənc ailələr şamil ediləcək.
Ekspert deyib ki, sosial mənzillər bir, iki və üç otaqlı olmaqla inşa edilir:
“Bizim qiymətləndirmələrimizə görə, 1 otaqlı mənzil üçün aylıq ödəniş təxminən 180 manat, 2 otaqlılar üçün 240 manat, 3 otaqlılar üçün isə 360 manat olacaq. İlkin ödəniş 10% gözlənilir. Bu, o deməkdir ki, əgər mənzilin qiyməti 50 min manatdırsa, o zaman 5 min manat ilkin ödəniş etməli olacaqsınız”.
İqtisadçı bildirib ki, sosial mənzil almaq üçün müraciətlərin sayının çox olacağı nəzərə alındıqda qeydiyyat başladıqdan sonra daha tez müraciət etmək məqsədəuyğundur:
“Çünki mənzillərin sayı məhdud, müraciət isə çox olacaq. Buna görə, ilkin müraciət edənlərə üstünlük veriləcəyi gözlənilir”.
Qeyd edək ki, Yasamalda inşa edilən sosial binalarda təxminən 1900 mənzilin istifadəyə veriləcəyi gözlənilir.