“Sökülən mənzillərə görə ödənilən kompensasiya bazar qiymətindən aşağıdır” – Əmlak eksperti | Banco.az

“Sökülən mənzillərə görə ödənilən kompensasiya bazar qiymətindən aşağıdır” – Əmlak eksperti

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

“Hazırda söküntüsü başlayan ərazilərdə vətəndaşlara kvadrat metr üçün təklif edilən məbləğ real bazar qiyməti ilə üst-üstə düşmür”.

Bu fikirləri Banco.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Ekspert bildirdi ki, Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində qəzalı binaların söküntüsü zamanı şirkətin sakinlərə ödəniləcək həmin məbləğlə vətəndaş o ərazilərdən ev ala bilməz.

“Evlərin kvadratmetri üçün 2000-2100 manat ödəniləcək kompensasiya məbləği kifayət qədər deyil.  Yasamal rayonunda köhnə tikili binalarda birotaqlı mənzillərin satış qiyməti təxminən 85-95 min manat arasında dəyişir. Xruşovka layihəli binalarda birotaqlı mənzillər 30 -35 kvadrat metrdir.İkiotaqlı mənzillər 100-140 min, üçotaqlı isə 135-180 min manat həddindədir. Biz bunu bazar qiymətinə görə dəyərləndirsək hər kvadrat metr üçün 3000 manat təklif olunmalıdır. Ancaq şirkətlərin həmin ərazidəki evlərə kvadratmetri  2000-2100 AZN-ə təklif edirlər ki, bu  düzgün deyil, çünki əksər insanların evlərinin ümumi sahəsi kiçik olduğuna görə onlara verilmiş kompensasiya ilə mənzil ala bilmirlər. Adətən belə olan halda kompensasiyanı  daha çox mənzillə əvəzləyirlər”.

Ekspert hesab edir ki, vətəndaşlara daha çox mənzil verildiyinə görə bu, əmlak bazarında ciddi qiymət artımına gətirib çıxarıb:

“Artıq köhnə binalarda alıcıların sayı da  artıb. Satış zamanı alan da bilir ki, həmin bina sökülərək yenitikili ilə əvəzlənəcək. Nəticədə əmlakın real qiyməti alıcılara şişirdilmiş formada təklif edilir. Ümumiyyətlə,bu gün Bakıda sökülməli olan yüzlərlə yaşayış massivi, çoxmərtəbəli bina var. Onlar da mümkün qədər tez zamanda sökülüb yeni binalarla əvəz olunmalıdır”. 

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan iqtisadiyyatının böyük hissəsi tikinti sektorundan asılı olduğunu qeyd edən Elnur Fərzəliyevin sözlərinə görə, sökülən binanın yerinə yenisi inşa olunanda, iqtisadiyyata ciddi şəkildə fayda verir. Yeni mənzillərin içinin doldurulması da məişət əşyalarına tələbatı artırır. Bununla yanaşı ölkədə bir binanın inşa edilməsi ən azı 2 il çəkdiyini xatırladan ekspert hesab edir ki, bəzən 4-5 ilə kimi davam edən bu proses  iş yerlərinin olması ilə yanaşı, tikinti materialları istehsal edən müəssisələrin işlək vəziyyətdə qalmasına imkan verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et