"SoftBank" süni intellektə 100 milyard dollar yatırmağa hazırlaşır | Banco.az

"SoftBank" süni intellektə 100 milyard dollar yatırmağa hazırlaşır

Müəllif:Mehin Qasımova,Banco.az 

Yaponiyanın "SoftBank Group" şirkəti süni intellektə investisiyalarını artırmaq məqsədilə Körfəz ölkələrindəki investorlardan 100 milyard dollara qədər maliyyələşmə cəlb etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, “Financial Times” qəzetinin  məlumatına görə, SoftBank-ın təsisçisi Masayoşi Son Birləşmiş Ərəb Əmirliklərindəki investorlar da daxil olmaqla bir neçə tərəflə ilkin danışıqlar aparıb.

Planlaşdırılan fond vasitəsilə şirkətlərin satın alınması, eləcə də onların fəaliyyətinin süni intellekt və robot texnologiyalarından istifadə etməklə təkmilləşdirilməsi nəzərdə tutulur.

Təşəbbüsün uğurlu olması SoftBank-a yeni maliyyə mənbəyi qazandıra bilər. Bu plan şirkətin “OpenAI”yə 65 milyard dollarlıq investisiya yatırmasından sonra gündəmə gəlib.

Qeyd edək ki, "SoftBank" daha əvvəl ilkin həcmi 100 milyard dollar olan “Vision Fund” investisiya fondunun yaradılması üçün Yaxın Şərqdəki suveren sərvət fondlarından maliyyə dəstəyi alıb.