“SoftBank” “OpenAI”nin ən böyük investoru ola bilər | Banco.az

“SoftBank” “OpenAI”nin ən böyük investoru ola bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiyanın telekommunikasiya şirkəti “SoftBank”, ChatGPT çatbotunun yaradıcısı olan “OpenAI”a 15-25 milyard dollar sərmayə qoymaq üçün danışıqlar aparır.

Banco.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Financial Times” yazır.

Bildirilir ki, investisiya süni intellekt infrastrukturu sahəsində artıq böyük bir layihə planlaşdıran iki şirkət arasında əməkdaşlığı dərinləşdirəcək.

Ötən həftə “OpenAI”, “SoftBank”, həmçinin “Oracle” və BƏƏ dövlət investisiya şirkəti MGX “Stargate” adlı müştərək müəssisənin yaradıldığını elan edib. “Stargate”in növbəti dörd il ərzində ABŞ-də “OpenAI” üçün məlumat mərkəzləri qurmağa 500 milyard dollar sərmayə qoyacağı gözlənilir.

Nəşrin mənbələri qeyd edir ki, “SoftBank” “Stargate” layihəsinin bir hissəsi olaraq öhdəliklərinə (15 milyard dollardan çox) əlavə olaraq “OpenAI”a birbaşa investisiya etməyi planlaşdırır.

"Danışıqlar davam edir və “SoftBank”ın “OpenAI” kapitalına yatıra biləcəyi məbləğ hələ dəqiqləşməyib", - deyə mənbələrdən biri qeyd edib.

ChatGPT tərtibatçısı həmçinin “Stargate”ə 15 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Mənbələr bildirib ki, Yaponiya şirkətinin kapitalına qoyduğu investisiya bu xərcləri ödəmək üçün istifadə edilə bilər.

Qeyd edək ki, hazırda “OpenAI”nin ən böyük korporativ investoru “Microsoft”dur ( təxminən 14 milyard dollar).