SOCAR və "Snam" DESFA-dan yüksək dividend tələb edir | Banco.az

SOCAR və "Snam" DESFA-dan yüksək dividend tələb edir

"DESFA-nın özəlləşdirilməsi məsələsi artıq yekunlaşmaq üzrədir və proses oktyabrın 31-i tarixindən tez tamamlanacaq". Bunu "APA-Economics"ə danışıqlar prosesində iştirak edən mənbə bildirib.

Mənbə bildirib ki, proses tamamlandıqdan sonra SOCAR-ın DESFA-dakı payı 36%-dən aşağı düşə bilər: "İtaliyanın "Snam" şirkəti isə yaxın bir neçə ay ərzində DESFA-da ən azı 30%-lik səhm paketinə sahib olacaq. Yunanıstan hökuməti isə qalan 34%-lik paya sahib olacaq".
Həmsöhbətimiz əlavə edib ki, ötən həftə Yunanıstan baş nazirinin müşaviri Dimitris Liakos SOCAR və "Snam" nümayəndələri ilə görüşüb. Tərəflər yuxarıda qeyd edilən məsələlər ətrafında bəzi dəqiqləşdirmələr aparıb. Üçtərəfli razılıq əsasında isə Yunanıstanın Energetika Məsələləri üzrə Tənzimləyici Orqanı (RAE) tərəfindən qəbul olunan DESFA-nın qaz tarifləri məsələsi durur.

Tərəflər arasında müzakirə olunan əsas məsələlərdən biri də DESFA-dan əldə olunacaq dividendlərdir: "SOCAR və "Snam" yüksək dividend tələb edirlər".

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alıb. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

Ən sərfəli kredit üçün müraciət et

DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bundan əvvəl "APA-Economics"ə açıqlamasında bildirib ki, SOCAR və Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsi ilə bağlı İşçi qrupunun yaradılması barədə qərar qəbul edib: "İşçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Yunanıstan tərəfindən isə baş nazirin müşaviri Dimitrios Liakos rəhbərlik edəcək. İşçi qrupu İtaliyanın “Snam” və Avropa komissiyası ilə sıx əlaqədə çalışacaq. İşçi qrupu bir ay ərzində DESFA-nın özəlləşdirilməsi ilə bağlı çıxış yolunu axtaracaq. Beləliklə, zəmanət məktubunun müddəti oktyabrın 31-dək uzadılıb".

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et