Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycan Beynəlxalq Bankından 1 mlrd. 860 mln. manat məbləğində götürəcəyi kreditin yaxın günlərdə ilk tranşı həyata keçiriləcək. Banco.az "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
O qeyd edib ki, 1 mlrd. 260 mln. manat Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yenidənqurulması üçün, 600 mln. manat isə "Bulla", "Günəşli" yataqlarında neft-qaz quyularının qazılması üçün istifadə olunacaq. O xatırladıb ki, bununla bağlı artıq Nazirlər Kabinetinin sərəncamı var, Maliyyə Nazirliyi də dövlət zəmanətçisi kimi çıxış edir. S.Qasımov bildirib ki, müqavilələrin imzalanıb, birinci tranşın əldə olunması üçün tələb olunan sənədləşmələr yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, birinci tranşın məbləği qazma üçün 200 mln. manata qədər, Neft Emalı zavodunun rekonstruksiyası üçün isə 50-60 mln. manat təşkil edir. "Qazma ilə bağlı kreditin qaytarılma mənbəyi hasil olunan məhsulun satışından, rekonstruksiyada isə götürülən məbləğin qaytarılması 10il müddətinə dövlət büdcəsindən bərabər hissələrlə SOCAR-ın Nizamnamə kapitalına ayırmalar hesabınadır". S.Qasımov kreditlərin uzunmüddətli olduğunu, rekonstruksiya üçün 3 il qaytarılmasına güzəştlə 10 il müddətində, neft-qaz hasilatı ilə bağlı isə 5-6 illik nəzərdə tutulduğunu əlavə edib.