Smartfon bazarı ötən 8 ilin ən pis III rübünü keçirib | Banco.az

Smartfon bazarı ötən 8 ilin ən pis III rübünü keçirib

Tamara Mustafayeva, Banco.az

Qlobal smartfon bazarı iqtisadi təlatümlərə görə istehlakçıların elektronika kimi vacib olmayan xərcləri təxirə salmağa meylli olması səbəbindən 2014-cü ildən bəri ən pis üçüncü rübdən keçib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Canalys" bazar araşdırması firmasının məlumatına görə, sentyabrda bitən üç ay ərzində dünya üzrə smartfon satışları 9 faiz azalaraq bu ilki geriləməni davam etdirib.

"Canalys" tələbdə azalma meylinin 9 ay da davam edəcəyini proqnozlaşdırır.

Faiz dərəcələrindəki artımlar və bahalaşan enerji qiymətləri müştəri iştahının azalmasına səbəb olsa da, Çindəki iqtisadi yavaşlama və Kovid-19 karantinləri smartfon satışlarının sürətinin azalmasında əsas rol oynayıb.

"Xiaomi Corp.", "Vivo" və "Oppo" kimi şirkətlərin hamısının bu ilki satışlarında ikirəqəmli azalma qeydə alınıb və təkcə "Apple Inc."in "iPhone"u bazarda müvazinətini qoruya bilib.

Məlumatlar göstərir ki, Çin bazarında mühüm payı olmayan "Samsung Electronics Co." intensiv endirimlər və müvafiq kampaniyalara görə 22 faizlik bazar payı ilə hələ də qlobal liderlik mövqeyini saxlayır.

Sentyabr ayında "iPhone 14" seriyasını təqdim edən "Apple" firması bazar payını 18 faizə çatdırıb, "Oppo" və "Vivo" isə bu il keçən illə müqayisədə daha kiçik paya sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram