2015-ci ildə Azərbaycanda SKMF-in xətti ilə maliyyələşdirilən 80-dən artıq obyekt istifadəyə veriləcək.
2015-ci ildə Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 81 müəssisə istifadəyə veriləcək. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.
“2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Onların həyata keçirilməsinə SKMF-in xətti ilə güzəştli kreditlər ayrılıb. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir”, - deyə Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5,56 min sahibkara 295 mln. manat güzəştli kredit verilib. Bu layihələr üzrə 12,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Ş.Mustafayev qeyd edib ki, SKMF-in bank olmayan kredit təşkilatları ilə əməkdaşlığı kiçik sahibkarların borcla bağlı problemini həll etməyə imkan verir, fermerlər arasında kooperasiya əlaqələrini gücləndirir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 48 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir.