Şirkətlər koronavirusla mübarizə müddətini necə idarə etməlidir? | Banco.az

Şirkətlər koronavirusla mübarizə müddətini necə idarə etməlidir?

Dünyada sürətlə yayılan koronavirusu ölkələrdə sosial və iqtisadi həyatı da iflic etməkdə davam edir.

Banco.az xəbər verir ki, idarəetmə konsaltinq şirkəti McKinsey & Company, 80-dən çox ölkədə insan həyatını təhlükədə qoyan bu virusdan qorunmaq üçün şirkətlərin hansı addımları ata biləcəyini açıqlayıb.

1. İşçilərinizi qoruyun:

Koronavirus bir çox insan üçün emosional, eyni zamanda gündəlik həyatlarına birbaşa təsir edən bir prosesdir. Şirkətlərin buna məhəl qoymaması mümkün deyil. Bunun görə qurumlar əvvəlcə işçilərinin sağlamlıqlarını qorumaq üçün ən yüksək səviyyədə tədbirlər görməlidirlər. Həm də emosional sağlamlıqlarını qorumaq üçün müəyyən metodları tətbiq etməlidirlər. Bunun üçün digər təşkilatlarla görüşərək işçilərə təqdim edə biləcəkləri yaxşı təcrübə və dəstək mexanizmlərini öyrənməyə meyilli olmalıdırlar. Bundan başqa, şirkət rəhbərlərinin bu məsələyə ciddi yanaşması, işçilərlə sıx əlaqədə olması vacibdir.

2. COVID-19 komandasını yaradın: 

Şirkətlər koronavirusu ilə əlaqədar yenilikləri CEO-ya birbaşa bildirən bir menecer təyin etməlidirlər. Hər şöbədən bir nəfər bu liderə dəstək göstərməlidir. Bu komandadakı insanlar cari vəzifələrindən daha çox bu məsələyə diqqət yetirməlidir. Şirkətin müəyyən edilmiş risk faktorlarına uyğun olaraq bütün önəmli detallara nəzarəti təmin etməlidirlər. Müəssisədən instituta qədər fərqli olmasına baxmayaraq, bu komanda əsasən aşağıdakı sahələrdə işləməlidir: İşçilərin sağlamlığının monitorinqi, maliyyə risklərinin idarə edilməsi və böhran planının hazırlanması, təchizat zəncirinin idarə edilməsi, müştəri tələblərinin kəskin azalmasına qarşı marketinq və satış planlarının hazırlanması, əlaqəli xarici tərəflərlə əlaqələndirmə və ünsiyyət. COVID-19 komandasının məqsədləri və işi mütəmadi olaraq izlənilməli və yenilənməlidir.

3. Likvidlik idarəetməsini gücləndirin: (red. likvidlik - Biznesdə, iqtisadiyyatda yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir.)

Şirkətlər, məlumatları, ekspert rəyi ilə sektor, bazar dinamikasını təhlil edərək gəlir və xərc risklərini ortaya qoyan ssenarilər hazırlamalıdırlar. Hər bir ssenariyə görə, pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər balans hesabatları kimi maliyyə vəziyyətlərinə təsir göstərə biləcək və likvidliyi azaldacaq amilləri göstərən modellər yaradılmalıdır. Hər bir amil üçün gəlir-xərc hesablarının optimallaşdırılması, xərclərin idarə edilməsi, birləşmə-əldəetmə təhlili kimi tədbirlər planlaşdırılmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

4. Təchizat zəncirini balansda saxlayın: 

Şirkətlər bütün tədarük zənciri boyunca mövcud və ya potensial məhsul tədarükündə yaranan fasilələri müəyyənləşdirməli və inventar etməlidirlər. Məsələn; Çində istehsalın dayandığı zavodlarla əməkdaşlıq edən şirkətlər bu müəssisələr yenidən işə başlayana qədər prosesi planlaşdırmalıdırlar. Bu istiqamətdə, tədarükçülərə dəstək olmaq, məhsulun verilə bilməyəcəyi vəziyyətlərə qarşı planlar hazırlamaq, əvvəlcədən sifariş vermək və istehsalın başlaması ilə baş verəcək intensivliyi idarə etmək üçün nəqliyyat sistemlərini təşkil etmək lazımdır. Eyni zamanda, şirkətlərə orta və uzunmüddətli sabitləşdirmə planları hazırlamaq, iş şəbəkələrini inkişaf etdirmək və yeni tədarük mənbələrini tapmaq lazım ola bilər. Bu addımlar şirkətlərin tədarük zəncirlərinin COVID-19 böhranından kənarda sağlam olması üçün də vacibdir.

5.  Müştərilərinizə yaxın olun: 

Böhran vəziyyətlərini uğurla aşan şirkətlər müştərilərinə investisiya qoyan və davranışlarını təxmin edə biləcək təşkilatlara çevrilir. Məsələn, Çində istehlakçı tələbinin azalması baş verdi, lakin tələb tamamilə yox olmadı. Onlayn sifarişlə ehtiyaclarını təmin etməyə üz tutdular. Bu da, şirkətlərin onlayn və çox kanallı paylama idarəetməsinə investisiya etməli olduqlarını ortaya qoyur.

6. Plan tətbiq edin: 

Hazırlanmış planların səmərəliliyi, qərarların və prosesin tətbiqi və hamının böhran planlarını düzgün başa düşməsi üzrə simulyasiya vacib bir vasitədir. Bu şəkildə şirkətlər fövqaladə vəziyyətlərdə ağıllı və çevik davranmağı öyrənirlər.

7. Sosial əlaqələrinizi dərinləşdirin: 

Bir şirkət yalnız içərisində olduğu cəmiyyət qədər güclüdür. Bu sosial böhran zamanı dəstək mexanizmlərini yaratmaq üçün qurumlar mövcud güclərindən və dəyərlərindən - pul, avadanlıq, təcrübə və s. istifadə etməlidirlər. Məsələn; Bəzi şirkətlər tibbi maska və paltara olan ehtiyaclarını qarşılamaq üçün öz xidmətlərinin təklifi ilə qarşılıqlı əməkdaşlıq edə bilərlər.

Aida İsaq, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et