2014-cü ildə toplanılmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, şirkət il ərzində 50,7 milyon manat sığorta haqqı toplayıb. “Paşa Həyat Sığorta”nın yığımları 41,9 milyon manat, “Azərsığorta”nın yığımları isə 41,6 milyon manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Atəşgah Həyat Sığorta” (37,9 milyon manat) və “AzSığorta” (36,7 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın 48,7 faizi ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 209 milyon manat) düşür.
Ən az sığorta haqqı toplayanlar isə “Azərqarant” (505 min manat), “Era-Trans” (432 min manat), “Günay Sığorta” (205 min manat) və “Çartis Azərbaycan” (152 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,3 milyon manat olub və ümumi sığorta yığımlarının təxminən 0,3 faizini təşkil edib.
Ümumilikdə, 28 sığorta şirkətinin 15-də sığorta haqlarının həcmi 10 milyon manatdan çox, 3 şirkətdə 5-10 milyon manat arasında, 5 şirkətdə 1-5 milyon manat arasında, 5 sığorta şirkətində isə 1 milyon manatdan aşağıdır. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 17-də isə azalması baş verib.
Sığorta ödənişlərinin məbləğinə görə də lider “Paşa Sığorta” şirkətidir – 27 milyon manat. Sonrakı yerləri “Atəşgah Həyat Sığorta” (24,1 milyon manat), “Atəşgah” (14,9 milyon manat), “Azərsığorta” DSKŞ (13,3 milyon manat) və “AXA MBASK” (10,7 milyon manat) şirkətləri tutur. Ümumilikdə, ödənişlərin 57,4 faizi ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 90 milyon manat) düşür.
Ən az ödəniş edən şirkətlər isə “Əmrah Sığorta” (466 min manat), “İpək Yolu Sığorta” (343 min manat), “Günay Sığorta” (90 min manat), “Azərqarant” (48 min manat), “Royal Sığorta” (8300 manat) və “Çartis Azərbaycan” (4700 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 960 min manat olub ki, bu da ödənişlərin 0,6 faizini təşkil edir.
Ümumilikdə, 28 sığorta şirkətinin 5-də sığorta ödənişlərinin məbləği 10 milyon manatdan çox, 5 şirkətdə 5-10 milyon manat arasında, 12 şirkətdə 1-5 milyon manat arasında, 6 şirkətdə isə 1 milyon manatdan aşağıdır. Şirkətlərdən 18-də sığorta ödənişlərinin artımı, 10-da isə azalması baş verib.
azertag.az