Siqaretin qiyməti bahalaşacaq? – AÇIQLAMA | Banco.az

Siqaretin qiyməti bahalaşacaq? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Banco.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, Azərbaycana idxal edilən şampan şərabının hər litri üçün aksiz vergisi 5,1 manatdan 2,7 manata endirilib, denaturasiya olunmamış etil spirtinin (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz vergisi 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata qaldırılıb.
Bundan başqa, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, istənilən vergi növündə artım olarsa, bu, son məhsulun qiymətinə də təsir göstərir:

“Artıq Azərbaycanda son illərdə beşinci dəfədir ki, aksiz vergisi həm siqaret məhsullarında, həm də spirtli içkilər də artırılır. Bu sosial məsələnin vətəndaşlara birbaşa və ciddi təsiri olmadığına görə, hökümət rahatlıqla bu addımı atır. 
Amma burda bir vacib məsələ var.  Ölkədə siqaretlər bahalaşacağı təqdirdə, qaçaqmal hallarının sayı da arta bilər. Əgər Azərbaycanda siqaretin qiyməti həddindən artıq yüksək olacaqsa, o zaman qonşu ölkələrdən - daha ucuz siqaret satılan ölkələrdən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretin həcmində artım ola bilər”.

Ən sərfəli krediti almaq üçün müraciət et