Siğortası olmayanlar cərimələnəcək | Banco.az

Siğortası olmayanlar cərimələnəcək

Azərbaycanda avtobuslarla daşınan sərnişinlərin icbari sığortasına nəzarət bir qədər də gücləndirilib. Yaxın vaxtlardan etibarən sərnişinlərin icbari fərdi sığortası olmayan avtobusların xətdən çıxarılmasına başlanacaq. Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquq şöbəsinin aparıcı məsləhətçisi Cahangir Rzayev deyib.

250-dən artıq avtobus cərimələnib
C.Rzayev bildirib ki, sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı tədbirlərə 2011-ci ildən başlanılıb. Həmin il İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə edilən dəyişikliyə görə, sərnişinlərin icbari fərdi qəza sığortası olmadan şəhərlərarası və beynəlxalq sərnişindaşımalarla məşğul olan fiziki şəxslər 10, vəzifəli şəxslər 60-80, hüquqi şəxslər isə 150 -200 manat miqdarında cərimə edilməlidirlər. Ötən il ərzində bu sığorta növü üzrə sığortalanmayan 183 avtobus cərimə edilib. Bu ilin 6 ayında isə 74 avtobus cərimələnib.

2 dəfə cərimələnən avtobus 3-cü dəfə xətdən kənarlaşdırılacaq
Cahangir Rzayev bildirib ki, yenicə Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda etdiyi dəyişikliklərə əsasən bizə  sərnişinlərin icbari fərdi qəzası sığortası olmayan avtobusları xətdən kənarlaşdırmaq səlahiyyəti verilib: “Bundan sonra sərnişinlərin icbari fərdi qəza sığortası olmadığına görə 2 dəfə cərimələnən avtobus 3-cü dəfə xətdən kənarlaşdırılacaq. Bölgələrdə yerləşən bölmələrimizin hər birinə tapşırıq verilib. Sığortasız avtobuslar saxlanılacaq və dərhal protokol tərtib ediləcək”.

Ən sərfəli kredit üçün müraciət et

Cərimələr 10 dəfə artırılacaq
C.Rzayev görülən tədbirlərin effektli olması üçün cərimələrin miqdarının mütləq artırılmalı olduğunu əlavə edib: “Bununla bağlı 2013-cü ilin sonunda və Milli Məclis qarşısında vəsadət qaldırmışdıq. Avqust ayının əvvəlində yenidən cərimələrin artırılması ilə bağlı vəsadət qaldırmışıq. Təklif etmişik ki, sərnişinlərin icbari fərdi qəza sığortası olmadan şəhərlərarası və beynəlxalq sərnişindaşımlarla məşğul olan fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 500 manat məbləğində cərimə edilsin”. Onun sözlərinə görə, əgər bu gün avtobus sürücüsü sığortası olmadığına görə 10 manat cərimə ödəyirsə,çox qısa zamanda bu pulu qazanır və bu onun cibinə təsir göstərmir. Buna görə də avtobusu sığortalamır. Ancaq əgər 100-200 manat cərimə ödəməli olsa, mütləq sığortaya diqqətlə yanaşacaq.

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et