Sığortanın İslam dininə zidd olan ünsürləri | Banco.az

Sığortanın İslam dininə zidd olan ünsürləri

Daha öncə yazılan “İslam dini sığortanı qadağan edirmi?” məqaləsindən artıq bilirik ki, müsəlmanlar arasında əməkdaşlıq, yardımlaşma və baş verə biləcək risklərdən və zərərlərdən qorunmaq kimi prinsiplərini özündə birləşdirdiyi üçün, İslam dini sığorta münasibətlərini qadağan etmir və Şəriət qaydaları çərçivəsində idarə edildiyi halda, İslam, sığorta münasibətlərini dəstəkləyir. Lakin, günümüzdə istifadə olunan ənənəvi sığorta məhsullarında İslam dininə zidd olan ünsürlər mövcuddur və bu məqalədə biz bu ünsürlər haqqında qısa məlumat verəməyə çalışacağıq.

İslam dini, Şəriət qaydalarına əməl olunması şərti ilə, əmtəə və xidmətlərin ticarətinə icazə verir. Əmtəə və xidmətlərin Şəriət qaydaları çərçivəsində ticarəti üçün alqı-satqı predmeti olan əmtəənin və ya göstərilən xidmətlərin həcmi/miqdarı, keyfiyyəti, qiyməti və digər xüsusiyyətləri müqavilə tərəfləri arasında razılaşdırılmalıdır. Əgər əmtəə və xidmətlərin gələcək dövr üçün təqdim edilməsi nəzərdə tutulursa bu zaman miqdar, keyfiyyət və qiymətdən əlavə olaraq, dəqiq çatdırılma/xidmətin göstərilmə tarixi də müqavilədə öz əksini tapmalıdır. Qeyd olunan şərtlərin yerinə yetirilməməsi ilə bağlanan sazişlərlərdə isə “Qarar” elementi mövcud olur. “Qarar” ərəb dilindən tərcümədə qeyri-müəyyənlik mənasını verir və Şəriət qaydalarına əsasən qeyri-müəyyənlik üzərindən ticarət əlaqələrinin aparılması, əmtəə və xidmətlərin alınıb-satılması qadağan edilir. Ənənəvi sığorta xidmətlərində “Qarar” elementi özünü sığorta məhsulunun alınması zamanı göstərir. Belə ki, Sığortalı (xidməti alan şəxs) gələcəkdə baş verə biləcək sığorta hadisəsindən sığortalanmaq üçün müəyyən bir məbləğ - sığorta haqqı ödəyir, lakin xidmətin göstərilib göstərilməyəcəyi - sığorta hadisəsinin baş verib verməyəcəyi, eləcə də, hadisənin baş verəcəyi təqdirdə ödənişin məbləği və tarixi qeyri-müəyyəndir.

İslam dinində ümumiyyətlə haram sayılan ünsürlərdən biri “Riba”-dır. Tərcüməsi “artım, əlavə” olan “Riba” əsas borc məbləğinə əlavə olaraq ödənilən faiz, sələm mənasını verir və “əsassız gəlir əldə etmə” hesab edilir. Məlumdur ki, ənənəvi sığorta şirkətlərinə ödənilən sığorta haqları əsasən əlavə gəlir əldə olunması məqsədi ilə bank əmanətləri, qiymətli kağızlar, istiqrazlar və s. formalarda investisiya olunur. İslam dini əlavə faizlə əldə olunan gəlirləri “Riba” kimi qiymətləndirir və qadağan edir. “Riba” həmçinin sığorta təminatının alınması zamanı da özünü biruzə verir. Belə ki, müqavilə ilə müəyyən edilmiş məbləği ödəyən müştəri hadisə zamanı adətən ödədiyi məbləğdən qat-qat çox sığorta ödənişi alır və bu da “əsassız gəlir əldə etmə” kimi qiymətləndirilə bilər.

Risk sığorta şirkətinə ötürüldükdən sonra hadisənin baş verməsi qeyri-müəyyən olduğundan Sığortalı ödədiyi sığorta haqqını tam itirə (hadisə baş verməzsə) və ya ödədiyindən artıq gəlir (hadisə baş verərsə) əldə edə bilər. Sadə dildə desək, sığorta müqaviləsi üzrə hadisə baş verdiyi təqdirdə Sığortalının qazanması, Sığortaçının isə uduzması, və ya əksinə, hadisə baş vermədiyi halda Sığortaçının qazanması, Sığortalının isə uduzması halı baş verə bilər ki, bu da İslam dinində “Meysir”, yəni qumar kimi qiymətləndirilir və qumarın istənilən forması İslamda qadağan edilir.

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıda adları çəkilən “Qarar”, “Riba” və “Meysir” qeyri-məyyənlik, əsassız gəlir əldə etmə və qumar elementlərini özündə əks etdidiyi üçün ənənəvi sığortanın İslam dininə zidd olan əsas ünsürləri sayılır. Bəs bu qeyd olunan ünsürlərin mövcud olmadığı və Şəriət qaydalarına uyğun olan sığorta mövcuddurmu? Bəli, ərəb dilindən “kəfələ” sözündən götürülən və yardım etmək, kömək etmək, qayğısına qalmaq mənalarını daşıyan Təkaful məhz İslam qaydalarına əsaslanan sığortadır.

Təkaful qarşılıqlı yardımlaşma prinsipi əsasında, xoşa gəlməz hadisələr zamanı maliyyə yardımı göstərmək niyyəti ilə ümumi daxıla könüllü olaraq müəyyən bir pul məbləğini ödəməklə formalaşan münasibətlər sistemidir. Təkafulun əsasını əməkdaşlıq təşkil edir. Ənənəvi sığortadan fərqli olaraq Təkafulda risk Sığortalıdan sığorta şirkətinə ötürülmür, əksinə, Sığortalılar arasında bölüşdürülür. Bununla da qeyri-müəyyənlik, “Qarar” elementi aradan qaldırılmış olur. Yəni, gələcəkdə baş verib verməyəcəyi, həcmi və tarixi müəyyən olmayan hal deyil, sığorta hadisəsi baş verdiyi zaman əvvəlcədən qarşılıqlı yardımlaşma əsasında formalaşdırılmış fondun vəsaitləri hesabına zərərin aradan qaldırılması sığorta sazişinin əsasını təşkil edir. Təkaful müqavilələrində qeyri-müəyyənliyin olmaması, eləcə də sığorta münasibətlərində həm zərərə, həm də gəlirə şəriklik “Meysir”, yəni qumar elementini də tam aradan qaldırır. Təkaful müqaviləsi bağlayan şəxslər ödədikləri haqların başqa iştirakçıların da zərərlərinin ödənilməsinə razılaşırlar. Təkafulda bu haqlar sığorta haqqı deyil, “yardım” (donation) hesab edilir və “tabarru” kimi tanınır. Sığortalıların ödədikləri vəsait hesabına formalaşmış fond vasitəsi ilə baş vermiş zərərlər ödənilir, artıq qalan vəsait isə ödənilmiş yardımlara mütənasib olaraq sığortalılara geri qaytarılır və ya onların adından Şəriət qaydalarına əsasən qanuni hesab edilən aktivlərə investisiya edilir. Takaful həm gəlirə, həm də zərərə şəriklik mexanizmi əsasında fəaliyyət göstərdiyi üçün sığortalının az məbləğ ödəyərək hadisənin baş verəcəyi halda qat-qat çox sığorta ödənişi almasını onun zərərə də şərikliyi şərti ilə qarşılayır və bununla da Təkafulda “Riba” elementi istisna edilmiş olur.

Yuxarıda qeyd edilən prinsipləri özündə birləşdirdiyi üçün Təkaful qısa müddət ərzində bir çox İslam ölkələrində sürətlə yayılmış, hətta bəzi qeyri İslam dövlətlərinin ənənəvi sığorta şirkətlərində də "Təkaful pəncərəsi" vasitəsi ilə Təkaful məhsullarının təklif edilməsinə səbəb olmuşdur.

Müəllif: Uğur İbrahimli