18-21 may tarixləri arasında “Sığortalı gənclik” layihəsi çərçivəsində “İstək” Liseyinin şagirdlərinə sığorta təlimləri keçilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və “Buta Sığorta”nın tərəfdaşlığı ilə keçirilən təqdimatda Liseyin 200 yaxın şagirdi iştirak edib. Təlim zamanı ASA və “Buta Sığorta” nümayəndələri iştirakçılara layihənin məqsədi və sığorta ilə bağlı maariflənmənin əhəmiyyəti haqqında danışıblar. Müasir iqtisadi inkişaf şəraitində sığorta ilə bağlı maliyyə savadlılığının genişləndirilməsi şagirdlərin bir vətəndaş kimi formalaşmasında xüsusi rol oynayır. Odur ki, şagirdlərə sığortanın tarixi, mahiyyəti və onun faydaları ilə yanaşı təlim zamanı bir sıra praktiki səriştələr haqqında da məlumat verilib.
Əldə olunan biliklər əsasında şagirdlər arasında test imtahanları təşkil olunacaq. İmtahanlarda uğur əldə edən şagirdlər isə 28 may tarixidə keçiriləcək final mərhələsinə adlayacaq və biliklərini komanda şəklində sınayacaqlar. Finalda qalib gələn komandalara ASA tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, “Sığortalı gənclik” layihəsinin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin təşkilatçıları Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyidir.