Sığorta şirkətlərindən 18-də yığım azalıb, 9-da isə artıb | Banco.az

Sığorta şirkətlərindən 18-də yığım azalıb, 9-da isə artıb

Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a verilən məlumata görə, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri “Paşa Sığorta” şirkəti tutub. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, şirkət 9 ayda 48,25 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşmış “Paşa Həyat Sığorta”nın yığımları 42,55 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 35,3 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Atəşgah Həyat Sığorta” (30,2 milyon manat) və “Azərsığorta” (29,3 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 54,7%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 185,6 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (849 min manat), “Amrah Sığorta” (666 min manat), “Azərqarant” (203 min manat), fəaliyyətini ötən ay bərpa etmiş “Çartis Azərbaycan” (62 min manat) və “Günay Sığorta” (56 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 1,84 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası ötən ilin dekabr ayında dayandırılmış, bu ilin iyun ayında isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 40 milyon manatdan çox, 2 şirkətdə 30 milyon manatdan çox, 2 şirkətdə 20 milyon manatdan çox, 5 şirkətdə 10 milyon manatdan çox, 4 şirkətdə 5-10 milyon manat arasında, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 9-da sığorta haqlarının artımı, 18-də isə azalması baş verib.

Ən sərfəli kredit üçün müraciət et

9 ayda sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə “PAŞA Sığorta” şirkətidir – 21,7 milyon manat. Sonrakı yerləri tutmuş “Qala Həyat Sığorta”nın ödənişləri 16,3 milyon manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 11,5 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (10,3 milyon manat) və “Azərsığorta” (9,3 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54,3%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 69,2 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (179 min manat), “Günay Sığorta” (82 min manat), “Çartis Azərbaycan” (53 min manat), “İpək Yolu Sığorta” (40 min manat) və “Azərqarant” (2 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 356 min manat olub ki, bu da ödənişlərin 0,3%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 milyon manatdan çox, 3-də 10 milyon manatdan çox, 6-da 5 milyon manatdan çox, 9-da 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 2 şirkətdə 100 min manatdan 500 min manata qədər, 4 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib. 

Ən sərfəli krediti almaq üçün müraciət et