Sığorta şirkətini necə seçməli? | Banco.az

Sığorta şirkətini necə seçməli?

Hər bir fərd həyatın müəyyən anında sığorta hadisəsi ilə qarşılaşa bilir ki, bu da sığortanın dinamik və inkişafda olan bir sistem olmasını bir daha təsdiq edir.

Hüquqşünas Şəhriyar Həbilov avtomobil sahiblərinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortasına, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortaya, avtomobillərin kasko, könüllü əmlak, səyahət və kredit götürən şəxslərin həyat sığortasına daha böyük tələb olduğunu bildirib. 2021-ci ildən ölkə üzrə tətbiqinə geniş hazırlıq görülən icbari tibbi sığortanı da bu növlərə aid etmək mümkündür: "Az və ya çox olmasından asılı olmayaraq hər kəsin sığorta barədə ilkin təsəvvürləri və məlumatları mövcuddur. Sadəcə, sığortaya inamın artırılması üçün mühüm maarifləndirməyə zərurət vardır. Bu istiqamətdə səlahiyyətli qurumların fəaliyyəti davam edir.

Hazırda sığorta məhsulu almaq istəyən hər kəsin ağlına gələn ilk sual hansı şirkəti seçməkdir. Bu suala cavab tapmağa kömək edəcək nüansları belə sıralamaq mümkündür:

1. Sığorta şirkətinin bu məhsulu satmaq üçün icazəsinin olub-olmadığını bilmək. Məsələn, heç də bütün şirkətlərin hər kəsin tanıdığı avto icbari sığorta məhsulunu satmağa icazəsi yoxdur. Bu növ sığortanı satmaq üçün sığorta şirkəti İcbari Sığorta Bürosu və nəzarət qurumundan icazə almalı, azad iqtisadi zonalar üzrə filiallara malik olmalı, internet səhifəsində bu növlə bağlı məlumatları təqdim etməlidir.

2. Hər bir sığorta məhsulu alıcısının sığorta şirkətinin illik maliyyə göstəriciləri ilə tanış olmaq hüququ vardır. Bu, həmin şirkətin il ərzində topladığı sığorta haqları və verdiyi sığorta ödənişləri üzrə dinamikanı görməyə və şirkət barədə ilkin təsəvvür əldə etməyə imkan verir.

3. Sığorta şirkətinin rəsmi saytından onun qaynar xətti, sığorta hadisəsi baş verdikdə hərəkət qaydası barədə məlumatlandırmanı izləyərək hadisəyə reaksiyasını görmək mümkündür.

4. Sığorta şirkəti məhsul satarkən sizi həmin məhsul üzrə yaddaş vərəqəsi və ya könüllü sığorta növü üzrə sığorta qaydaları ilə tanış etməli, hansı hallarda ödəniş veriləcəyi, hansı hallarda imtina ediləcəyi barədə məlumatlandırma aparmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

5. Sığorta şirkəti barədə şikayətləri ətrafınızdan, sorğu platformalarından, elektron məhkəmə sistemi üzrə işlərin sayı və həmin işlər üzrə nəticələrdən görərək şirkətin müştəri məmnuniyyətini necə tənzimlədiyini görmək mümkündür.

6. Sığorta məhsulu alarkən digər şirkətlərin də təklifləri ilə qarşılaşmısınızsa, təminat verilən hallar və müqavilə şərtlərinin eyni olduğu halda, sığorta haqqının az olmasına çox da önəm verməyin: sığorta haqqının az olması heç də xidmətin keyfiyyətindən xəbər vermir. Bu halda yuxarıda göstərilən digər şərtləri də nəzərdən keçirməklə qərar verə bilərsiniz.

7. Sığorta məhsulunu birbaşa deyil, dolayı yolla (sığorta vasitəçilərinin köməyilə) alırsınızsa, həmin məhsulun sığorta şirkəti tərəfindən təsdiqləndiyini mütləq yoxlayın. Bəzən özünü təmsilçi kimi təqdim edən şəxslər sığorta şirkətinin adından istifadə edir, sığorta şirkəti ilə əlaqə saxladıqda isə bunun öz təsdiqini tapmadığı hallar olur. Bu kimi itkilərin qarşısını almaq üçün əvvəl sığortaçı ilə şəxsin eyniləşdirilməsini aparmaq məqsədəuyğundur".

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram