Sığorta şirkəti işçisini azad etmək üçün niyə icazə almalıdır - İZAHAT | Banco.az

Sığorta şirkəti işçisini azad etmək üçün niyə icazə almalıdır - İZAHAT

Azərbaycanın sığorta şirkətləri bəzi əməkdaşlarını işdən azad etmək üçün Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) icazə almalı olacaqlar. Fins.az-ın məlumatına görə, bu "Sığorta fəaliyyəti haqqında" qanuna bir qədər əvvəl edilmiş əlavə və dəyişikliklərdə nəzərdə tutulub. Söhbət şirkətin aktuarilərindən gedir -  qanuna əlavə edilmiş 38.6-cı maddədə bildirilir ki, sığortaçı məsul aktuarisi ilə bağladığı əmək müqaviləsinə yalnız DSNX-ə əsaslandırılmış müraciət etməklə, bu orqanın razılığı əsasında xitam verə bilər.

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov fins.az-a bildirib ki, qanuna uyğun olaraq aktuarilərin işə götürülməsi və işdən çıxarılması qaydaları xüsusi nəzarət altında olacaq: "Aktuarilərin işə qəbulu sığorta şikətlərinin digər rəhbəri işçilərinin işə qəbulu kimi xüsusi prosedurlar əsasında və nazirliyin nəzarəti ilə aparılır". Onların işdən çıxarılmasından isə vəziyyət daha ciddidir. Belə ki, sığorta şirkətləri öz aktuarilərini istədikləri vaxt işdən çıxara bilməyəcəklər: "Hətta aktuari öz ərizəsi ilə də işdən gedirsə, o xidmətə dəvət olunacaq və ondan bu qərarının səbəbi dəqiqləşdiriləcək. Aktuari işəgötürənin, yəni sığorta şirkətinin təşəbbüsü ilə işdən çıxarılırsa, onda işə götürən sığorta nəzarəti orqanına bu barədə məlumat verməli və niyyətini əsaslandırmalıdır ki, onu niyə işdən azad edir".

Qanuna edilən bu dəyişiklik, bəzi sığorta şirkətləri tərəfindən birmənalı qarşılanmayıb. Bir sıra şirkətlər bu tələbi şirkətlərin daxili işlərinə və kadr siyasətlərinə müdaxilə hesab edirlər. Amma doğrudan da ilk baxışdan sahibkarların işinə müdaxilə təsir  bağışlasa da, aktuarilərlə bağlı tələblər ilk növbədə sığorta şirkətlərinin, ümumilikdə isə sığorta bazarının və sığortalıların mənafelərinin müdafiəsi məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Məsələ bundadır ki, qanuna edilən əlavə və dəyişikliklərə əsasən, aktuarilər sığorta şirkətinin maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin tələb olunan səviyyədə olması məqsədilə müvafiq hesablamalar aparmalı və buna nəzarət etməlidirlər. Bu hesablamalara sığorta tarifləri; tələb olunan kapitalın məbləği; məcmu kapitalın məbləği; sığortaçının öz vəsaitinin məbləği; sığorta ehtiyatlarının məbləği; zərərlilik dərəcəsi; sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutum kimi göstəricilər aiddir.

Dəyişikliklərə əsasən, hər bir sığorta şirkətində fəaliyyət göstərəcək məsul aktuari şirkətin maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlamalı, sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilən hallar barədə sığortaçının İdarə Heyətini və Direktorlar Şurasını xəbərdar etməlidir. Bununla əlaqədar tədbirlər görülmədikdə isə aktuari bu vəziyyət barədə sığorta nəzarəti orqanına yazılı məlumat verməlidir. Başqa sözlə, məsul aktuari zərurəti yarandıqda şirkətdəki problemlər barədə sığorta nəzarəti orqanını xəbərdar etməlidir.

N.Xəlilovun sözlərinə görə, aktuarilərin işdən azad olunması prosesinin nəzarətə götürülməsi beynəlxalq təcrübəyə əsaslanır və onları kənar təsirlərdən qorumaq məqsədi daşıyır:
"Bu tələb beynəlxalq təcrübəyə əsasən tətbiq edilib. Çünki aktuari şirkətin hesabatını öz imzası ilə təsdiqləyir. Bu hesabatlar sığota şirkətlərinin maliyyə sabitliyini nümayiş etdirir. Ona görə də sabah elə vəziyyət yarana bilər ki, şirkətin maliyyə göstəriciəri təhrif oluna bilər, amma aktuariyə təzyiq göstərilə bilər ki, o dürüst olmayan hesabatı təsdiqləsin. Aktuari isə bundan imtina edəndə, onu işdən azad etməklə təsir edə bilərlər. Belə halların baş verməməsi üçün beynəlxalq təcrübəyə əsasən Azərbaycanda da belə aktuarilərin bu üsulla müdafiəsi nəzərdə tutulur".  

Ən sərfəli krediti almaq üçün müraciət et