Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planını təsdiqləyib.
Bunu yanvarın 22-də “Jurnalistlər klubu”nun növbəti görüşündə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə rəisi Mahir Abdullayev deyib. Onun sözlərinə görə Tədbirlər Planında nəzərdə tutulan işlər bir neçə istiqaməti əhatə edir. Bu, sığortalıların və digər faydalanan şəxslərin mənafelərinin daha səmərəli təmin edilməsini, həyat və qeyri-həyat sığortalarının inkişafını, eləcə də kadr potensialının möhkəmləndirilməsini əhatə edəcək.
M.Abdullayev bildirib ki, Tədbirlər Planına əsasən, sığortalıların və digər faydalanan şəxslərin mənafelərini təmin etmək məqsədilə sığorta şirkətlərinə qarşı yeni tələblər müəyyən ediləcək. Bu məqsədlə “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulur. Buraya sığorta şikayətlərinə baxılması mexanizminin təkmilləşdirilməsi, müştərilərlə ədalətli davranmanı təmin edən prosedurların tətbiqi, eləcə də sığorta vasitəçilərinin “Davranış Kodeksi”nin hazırlanması və tətbiq edilməsi və s. aiddir.
Eyni zamanda Azərbaycanda sığorta şirkətlərindən narazı qalan sığortalıların şikayətlərini ictimailəşdirmələri üçün xüsusi sayt yaradılacaq.
M. Abdullayev bildirib ki, Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planına əsasən gözlənilən mühüm yeniliklərdən biri vətəndaşlar tərəfindən sığorta şirkətlərindən və sığorta vasitəçilərindən şikayətlərin verilməsinin vahid sisteminin yaradılmasıdır:
“Eləcə də, vətəndaşların sığorta şirkətlərindən şikayətlərinə ictimai aşkarlıq şəraitində baxılmasını təmin etmək məksədilə xüsusi internet səhifəsinin yaradılmasına təşkilati və maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur”.
Onun sözlərinə görə, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur:
“Məsələn, mən bu yaxınlarda Rusiyada bu istiqamətdə fəaliyyət göstərən saytlardan biri ilə tanış oldum. Hər bir kəs sığorta şirkəti ilə qarşılaşdığı problemi həmin sayt vasitəsilə elan edə bilir. Təbii ki, minlərlə insan həmin şikayəti oxuyur və ictimai aşkarlığa səbəb olur. Bundan sonra sığorta şirkəti, onun barəsində yazılan məlumatı təkzib etmək ya da şikayəti təmin etmək məcburiyyətində qalır. Bu da nəticədə sığorta şirkətlərinin məsuliyyətli olmalarına gətirib çıxardır”.