Son vaxtlar Azərbaycanda sığorta şirkətləri və sığortalılar arasında mübahisələrin sayı artıb. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin lisenziyalaşdırma, ərizə və və şikayətlər şöbəsinin müdiri Mahir Abdullayev fins.az-a bildirib ki, mübahisələrin əsas səbəbi sığorta qəza nəticəsində avtomobillərə dəyən zərərin qiymətləndirilməsi ilə bağlıdır: "Bəzən sığorta şirkətlərinin zərərlə bağlı avtomobil sahiblərinə təklif etdiyi məbləğ real olmur. Belə olan halda sığorta şirkətlərinə zərərin təkrar araşdırılması barədə göstəriş verilir".
Əsassız imtina hallarınının Sığorta Nəzarəti Xidməti tərəfindən araşdırılmasının nəticəsi olaraq ötən il sığorta şirkətləri belə hallar üzrə müştərilərinə 450 min manata yaxın sığorta ödənişi ödəyiblər. Bu ilin 11 ayı ərzində isə bu məbləğ 500 min manatı keçib. Bununla yanaşı, daxil olan şikayətlər arasında sığorta şirkətlərinin əsassız imtinaları ilə yanaşı, müştərilərin əsassız iddiaları da var. Belə ki, bəzi müştərilər sığorta hadisəsi baş verməmişdən əvvəl mövcud olan zərərləri də hadisəyə aid zərərlərə daxil etməyə cəhd edirlər: "Məsələn, qəza nəticəsində avtomobilin qabaq tərəfi əzilib, amma bəzən müştərilər maşının arxa və yan tərəfindəki zərərləri də bura əlavə etmək istəyirlər. Amma sığorta şirkətlərinin ekspertləri sübut edə bilirlər ki, həmin zərərlərin indiki qəza ilə əlaqəsi yoxdur.
fins.az