Sığorta məsələləri ilə bağlı daxil olan müraciətlərə baxılması işinin operativliyini, keyfiyyətini və səmərəliliyini yüksəltmək məqsədilə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəsmi internet saytının “Məktub yazmaq” bölməsinə xüsusi proqram təminatı tətbiq olunub və tam funksionallığı təmin edilib.
DSNX-dən bildiriblər ki, bu proqram təminatı vasitəsilə quruma elektron qaydada ünvanlanan şikayət xarakterli müraciətlər DSNX-nin şikayətlə bağlı məlumat və sənədlərin təqdim edilməsi barədə məktubu ilə birlikdə avtomatik olaraq müvafiq sığorta şirkətinin də e-ünvanına göndərilir. Proqram təminatının tətbiqi şikayətlərə baxılması proseduru üçün tələb olunan müddətin xeyli azalmasına imkan verir.
Saytda tətbiq olunan yeni imkandan yararlanmaq üçün “Məktub yazmaq” bölməsinə daxil olmaq və ardıcıl təklif olunan əməliyyatları yerinə yetirmək lazımdır. Müraciət ünvanlayan şəxs sığortaçıdan şikayətçidirsə “şikayət” sətrini, növbəti addımda isə şikayətçi olduğu sığorta şirkətinin adını seçməli və şikayətini müvafiq pəncərədə yerləşdirməlidir. Şikayət göndərildikdən sonra istifadəçinin e-ünvanına şikayətin qəbul olunması barədə məlumat göndərilir. DSNX-yə sayt vasitəsilə elektron qaydada daxil olan şikayət qeydiyyata alınmaqla nəzarətə götürülür və qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırılır. Araşdırmanın nəticəsi barədə şikayətçiyə rəsmi məktub, həmçinin e-ünvanına həmin məktubun müvafiq formatda elektron surəti göndərilir.
azertag.az