Sığorta agenti nə qədər qazanır? | Banco.az

Sığorta agenti nə qədər qazanır?

Fins.az-ın suallarını Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov cavablandırıb:

- Azərbaycanda sığorta agenti işinə maraq necədir? Onların sayı artırmı, paytaxtda və regionlarda bu sahədə vəziyyət necədir?

- Sığorta agenti fəaliyyətinə maraq getdikcə artır. Statistika da bunu deyir. Vaxtilə 100-150 agent var idisə, icbari sığortalar haqda qanun qəbul olunduqdan sonra onların sayı dəfələrlə artıb. Eyni zamanda, sığorta maarifləndirilməsi nəticəsində bir çox şəxslər gördü ki, bu işdən əlavə gəlir əldə etmək mümkündür. Bu gun artıq 865-ə yaxın lisenziya almış fiziki şəxs olan agent, 60-a yaxın hüquqi şəxs olan agent var.

- DSNX-nin reyestrində avtomobil satışı ilə məşğul olan şirkətlər, salonlar da var...

- Bunlar əslində, yardımçı ekspret qismində iştirak edən şirkətlərdir. Yəni, avtomobillərlə bağlı sığorta hadisələrində zərərlərin müəyyən olunmasında ekspert rolunda iştirak edən tərəflərdir. Bu da qanunvericilikdə olan tələblərdir ki, sırf müstəsna olaraq və yaxud da müstəsna olmayaraq bu sahədə yardımçı fəaliyyəti varsa, yəni zərərlərin qiymətləndirilməsinə iştirak edən tərəfdirsə reyestrə daxil edilməlidir. İstər daşınmaz, istər daşınar əmlakla bağlı olsun.

- Avtomobil satışı salonundan kreditlə maşın alındıqda o avtomatik sığorta olunur. O salonda işləyənlər də sığorta agenti statusundadırlar?

- Qanunvericiliyə əsasən, sığorta agenti o şəxsdir ki, o minimum tələblərə cavab verməklə attestasiyadan keçir, yəni 100 mümkün baldan 70-ni topladıqdandan sonra vergi orqanında uçota dayanır və bu fəaliyyət üçün xüsusi razılıq- lisenziya alır. Digər şəxslər nə agent, nə də subagent ola bilər. Avtomobil salonlarında və digər yerlərdə sığora müqaviləsinin bağlanmasında başqa şəxslərin vasitəçilik etməyə heç bir haqqı yoxdur. Bizə belə məlumatlar daxil olduqda biz onun qarşısını alırıq.

Ən sərfəli kredit üçün müraciət et

- Bəzi sığorta agentləri var ki, subagentləri əməkdaşlığa dəvət edirlər. Bu məsələ necə tənzimlənməlidir?

- Subagent adlı anlayış qanunvericilikdə yoxdur. Əgər bir şəxs özü bayaq dediyim mərhələni keçib, vergidə işəgötürən kimi qeydiyyatdan  keçib fəaliyyətə başlayırsa, o digər şəxsləri işə götürə bilər. Lakin hansısa bir şəxsi başqa yolla subagent kimi işə dəvət etmək düzgün deyil.

- Sığorta agenti kimlər üçün sərfəli ola bilər və agentləri orta hesabla ayda nə qədər pul qazana bilirlər?

- Kiminsə vaxtı, fiziki imkanları imkan verirsə, o qanuni şəkildə belə fəaliyyət göstərərək əlavə gəlir əldə edə bilər. Gəlirə gəldikdə burada birmənalı fikir söyləmək olmaz. Belə bir statistika da yoxdur. Elə agent var ki, 1 müqavilə bağlayıb 10 manat əldə edib, eləsi də var ki, 100 müqavlə bağlayıb 1000 manat əldə edib. Biz agentlərin gələnb ay verəcəkləri ilk hesabatların təhlilindən sonra biləcəyik ki, agentlər orta hesabla nə qədər gəlir əldə edib. Lakin unutmaq lazım deyil ki, onların da telefon, nəqliyyat, ofis və sair amortizasiya xərcləri var.

Ona görə də, yenə də birmənalı demək olmaz ki, agentin xalis gəliri nə qədər olub. Xüsusilə, az müqavilə bağlayan agentlər üçün bir qədər  çətindir, lakin çox sayda müqavilə bağlayan agentlər öz uçotlarını apararaq amortizasiya xərclərini çıxmaqla ayda və yaxud ildə ortalama nə qədər gəlir əldə etdiklərini müəyyən edə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et