Sentyabrdan islam bankçılığı barədə qanunun qəbulu üzrə işlərə başlanılacaq | Banco.az

Sentyabrdan islam bankçılığı barədə qanunun qəbulu üzrə işlərə başlanılacaq

Sentyabr ayında Azərbaycanda islam bankçılığı haqqında qanunvericiliyin qəbul edilməsi istiqamətində işə başlanılacaq.

Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam Bankçılığı Departamentinin direktoru Bəhnam Qurbanzadənin verdiyi məlumata görə, artıq İslam İnkişaf Bankı (İİB) 200 minlik qrantın bu məqsədlərə sərf olunmasının təsdiq edildiyi barədə İqtisadiyyat və Sənaye Nazirliyini rəsmi şəkildə məlumatlandırıb.

"İqtisadiyyat və Sənaye Nazirliyinin tövsiyyəsi ilə biz ölkədə islam bankçılığı üzrə qanunvericilik layihəsini hazırlayacaq işçi qrupunun təsis edilməsi üçün Nazirlər Kabinetinə rəsmi şəkildə müraciət etdik. Hal-hazırda İqtisadiyyat və Sənaye Nazirliyinə, Mərkəzi Banka, ABB-yə və digər təşkilatlara məxsus qrup üzvlərinin namizədliyi təklif olunub. Bundan əlavə, avqust ayının sonuna qədər imzalanması gözlənilən qrant müqaviləsinin mətni İslam İnkişaf Bankı ilə razılaşdırılır. Bu addım öz növbəsində işçi qrupuna 2014-cü ilin sentyabr ayından etibarən 12 aylıq bir müddət üçün nəzərdə tutulmuş layihənin icrasına başlamağa imkan verəcək", deyə Qurbanzadə qeyd edib.

Onun sözlərinə görə, layihənin dəyəri təxminən 300 min dollar məbləğində qiymətləndirilmişdi. Reallıqda isə ABB maliyyələşmə üçün təxmin 50 min dollar məbləğində vəsaitin təqdim edilməsini tələb edib.

Ən sərfəli kredit üçün müraciət et

"Güman edirəm ki, sentyabr-dekabr ayları ərzində işçi qrupu beynəlxalq islam bankçılığı üzrə qanunvericiliyin təhlilini başa çatdıracaq və artıq 2015-ci ilin yazında islam bankçılığı barədə milli qanun layihəsini baxılması üçün Mərkəzi Banka təqdim edəcək", deyə o vurğulayıb.

Onun sözlərinə görə, qanun layihəsinin parlamentdə qəbulu və sonrakı mərhələdə tətbiqi üçün tələb olunan sxem yalnızca layihə razılaşdırıldıqdan sonra hazırlanacaq.

Əvvəllər işçi qrupunun iyun ayında təsis ediləcəyi, sözügedən qrupun sentyabr ayından etibarən fəaliyyətə başlayacağı planlaşdırılırdı. Hal-hazırda isə layihənin icrasında bütün mərhələlər plan üzrə həyata keçirilir və heç bir geriləmə yoxdur.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et