Şengen ölkələrinə qısamüddətli səfər etmək üçün vizanın qiyməti cari ildə 60-dan 80 avroyadək artırılacaq. Avropa İttifaqının Viza Məcəlləsinə Avropa Komissiyasının (AK) təşəbbüsü ilə müvafiq dəyişiklik ötən gün Avropa Parlamentində təsdiqlənib.
Bu barədə AK-nın Mətbuat xidmətindən bildiriblər.
“Kiçik bahalaşma sayəsində Şengen ölkələri viza sifarişçiləri üçün maneə yaratmadan təhlükəsizliyə nazarəti artırmaq, zəruri kompüter avadanlığı və proqram təminatı tətbiq emək üçün bütün dünyada lazımi sayda konsulluq əməkdaşları saxlaya biləcəklər”, - deyən AK nümayəndəsi bildirib ki, yeni qaydalara görə, “müsbət viza tarixi”nə malik olanlar tez-tez səfərə çıxdıqları təqdirdə, mərhələlərlə bir ildən beş ilədək artan müddətli vahid viza ala biləcəklər.
AK nümayəndəsinin sözlərinə görə, yeni qiymətlərin tətbiqinin Avropa İttifaqının Azərbaycan da daxil olmaqla bir sıra ölkələrlə əvvəllər viza rejiminin sadələşdirilməsinə dair imzaladığı sazişlərdə təsbit olunan 35 avro məbləğindəki viza rüsumuna heç bir təsiri yoxdur.
Report.az