Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Şurası Şengen vizalarının rəqəmsallaşdırılması ilə bağlı yeni qaydaları qəbul edib.
Banco.az xəbər verir ki, dünən qəbul edilən qərarlar imzalandıqdan sonra Avropa İttifaqının (Aİ) rəsmi jurnalında dərc olunacaq və 20 gün sonra qüvvəyə minəcək.
Rəqəmsal viza müraciətlərinin nə vaxt başlayacağı isə viza platformasındakı texniki işlər başa çatdıqdan sonra elan ediləcək.
Sözügedən qaydalar qüvvəyə mindiyi zaman pasportlara vurulan vizalar rəqəmsallaşacaq və internet vasitəsilə 2D ştrix-kod şəklində veriləcək. Vizaları mobil cihazlara yükləmək mümkün olacaq. Viza üçün müraciət edənlər bir çox dillərdə onlayn viza tələb edə biləcəklər.
Yeni sistemlə müraciətlər vahid internet platforması vasitəsilə həyata keçiriləcək. Tələb olunan sənədlərin rəqəmsal nüsxələri bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu da burada ödəniləcək. Ərizəçilər bir neçə ölkəyə səfər etmək istəsələr, müraciətin hansı ölkə tərəfindən alındığı barədə məlumatlandırılacaqlar. Sistem Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə ahəngdar işləyəcək.
Qeyd edək ki, yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və pasportu yenicə əldə etmiş şəxslər Şengen ölkələrinin konsulluqlarına getməli olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!