Sənaye məhəlləri və onların funksiyaları: Məşğulluğun artırılmasına şərait yaradır | Banco.az

Sənaye məhəlləri və onların funksiyaları: Məşğulluğun artırılmasına şərait yaradır

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Sənaye məhəllələrinin yaradılmasının əsas məqsədi, sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlara inkişaf üçün əlverişli şəraitin yaradılması və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.

Banco.az xəbər verir ki, bu məhəllələrin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə müəyyən edilib. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi və kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli rol oynayır.

Nefçala Sənaye Məhəlləsi 2015-ci il 2 fevral tarixli Sərəncam ilə yaradılıb və 2017-ci il 24 sentyabr tarixində açılıb. Bu məhəllədə avtomobil, balıq və quş yemi istehsalı, suvarma sistemləri, polietilen suvarma boruları, qaynaq materialları və digər məhsullar istehsal edilir. Hazırda burada 7 müəssisə fəaliyyət göstərir və istehsal sahələrinin yaradılması nəticəsində 300-dək yeni iş imkanı yaranıb.

Hacıqabul Sənaye Məhəlləsi 2017-ci il 25 iyul tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb. Burada tikinti işləri başa çatdırılıb və 14 rezident müəssisədən 9-u fəaliyyətə başlayıb. Nəticədə, 400-dən çox yeni iş yeri yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci il 18 sentyabr tarixində Masallı Sənaye Mərkəzinin açılması ilə sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri infrastruktur təmin olunub. Burada 8 müəssisə iştirakçı kimi qeydiyyatdan keçib, bunlardan 5-i istehsal fəaliyyətini həyata keçirir.

Sabirabad Sənaye Məhəlləsinin təməli isə 2017-ci il 28 noyabr tarixində qoyulub. Bu məhəllədə 8 müəssisə qeydiyyatdan keçib, 5-i artıq fəaliyyətə başlayıb. Ümumilikdə, bu sənaye məhəlləsində 210-dan çox yeni iş yerinin yaradılması planlaşdırılır.

Hazırda sənaye məhəllələrində 39 rezident qeydiyyatdan keçib, bunlardan 26-ı fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, sənaye zonalarına müəssisələr tərəfindən 6,74 milyard manat, o cümlədən 2024-cü ilin birinci rübü üzrə 59,1 milyon manat investisiya yatırılıb. Nəticədə, faktiki olaraq 11,000-ə yaxın yeni iş yeri açılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 1,1 milyon manata yaxın investisiya qoyulması və 6,500-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günə kimi 12,74 milyard manat, o cümlədən 2024-cü ilin birinci rübü üzrə 640,3 milyon manat həcmində məhsul istehsalı həyata keçirilib. Bu istehsalın 4,1 milyard manatlıq hissəsi ixrac olunub.