Bütün şahmatsevər və digər insanların diqqət mərkəzində olan ABŞ-da keçirilən “Grand Chess Tour”-da Şəhriyar Məmmədyarovun 9 turdan ibarət yarış mübarizəsi izlənilir.
18.08.18 tarixində ABŞ-ın Sent-Luis Şəhərində keçirilən “Grand Chess Tour”-un birinci turunda həmyerlimiz amerikalı beynəlxalq qrossmeyster Uesli So-nu məğlub edib. Bu qələbə ilə Şəhriyar Məmmədyarov şahmat karyerasının ən yüksək xalını - 2821.7 qazandı və dünyanın ən güclü ikinci şahmatçısı oldu! (bu siyahıda Maqnus Karlsen birinci sırada yer alır.)
Şahmat tarixində bütün şahmatçılar arasında 5 pillə irəliləyərək 7-ci oldu.
19.08.18 tarixində ABŞ-ın Sent-Luis Şəhərində keçirilən “Grand Chess Tour”-un dördüncü mərhələsi - “Sinkfild” kubokunda rusiyalı A. Qrişşukla mübarizə, 24-cü gedişdən sonra heç-heçə ilə sonlanıb. Ikinci turu Şəhriyar Məmmədyarov 1,5 xal ilə başa vurub. Bu gün (19.08.18) həmyerlimiz F.Karuana ilə qarşılaşır.
------------------------------
Şəhriyar Həmid oğlu Məmmədyarov 1985-ci il 12 Apreldə, Sumqayıtda anadan olub.
O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır.
2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.
1993-cü ildə Şəhriyarın atası ona şahmat oynamağı öyrədib və həmin ilin yayında Şəhriyar, onun ilk şahmat məşqçisi olan Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başlayıb
Şahmat karyerası:
1996
O, 1996-cı ildə Şirvan şəhərində keçirilən turnirdə iştirak edərək, turnirin qalibi olmuşdur. Həmin ildə Şəhriyar Məmmədyarov Beynəlxalq açıq turnirin C qrupunda birinci yerin sahibi olmuşdur.
1997
1997-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Milli Şahmat Çempionatında ilk dəfə iştirak edərək, 2-ci yer sahibi oldu.
1998
1998-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Çempionatında 2-ci yerə sahib olaraq, Avstriyada keçirilən Avropa Çempionatlarında iştirak hüququ qazandı. O, həm də Azərbaycanın Zaqatala şəhərində keçirilən uşaqlar arasında Dünya Olimpiadasında 2-ci yerin sahibi olaraq Azərbaycan Milli Komandası tərkibində iştirak hüququnu qazanmışdı. Şəhriyar Məmmədyarov Türkiyədə keçirilən uşaqlar arasında Dünya Olimpiadasında öz lövhəsində gümüş medalın sahibi olmuş və bununla beynəlxalq turnirlərdə birinci müvəffəqiyyətini qeyd etmişdi.
2000
2000-ci ildə Şəhriyar Məmmədyarov 16-18 yaşadək Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur.
2001
2001-ci ildə Məmmədyarov 16 yaşadək Avropa Şahmat Çempionatında gümüş medalın sahibi olmuşdur.
2002
2002-ci ildə Məmmədyarov Bakıda keçirilən gənclər arasında Avropa Şahmat Çempionatında gümüş medalın sahibi oldu. O, həmin ildə 18 yaşadək Avropa Şahmat Çempionatında 11 xaldan 10-u udaraq rekord yazmışdır.
2003
2003-cü ildə Məmmədyarov Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilən U20 Dünya Çempionatında qızıl medalın sahibi oldu. O, həmin ildə 18 yaşadək Dünya Çempionatında qızıl medal qazanmışdır.
2004
O, 2004-cü ildə Türkiyədə keçirilən Klublar arası Avropa Çempionatında 1-ci lövhədə 1-ci yerin sahibi və Dubay Open turnirinin qalibi olmuşdur.
2005
2005-cü ildə Məmmədyarov İstanbulda 20 yaşadək gənclər arasında keçirilən Dünya Çempionatında yenidən çempion titulu qazanaraq, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçı oldu.
2017
2017-ci ildə Məmmədyarov Azərbaycanın şahmat tarixində ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb. O, dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.
Oyun Tərzi.
Şəhriyar Məmmədyarovun oyun tərzi taktiki və aqressiv olduğu üçün, vəzirlə oynamağa daha üstünlük verir.
Fuad VAHABZADƏ, banco.az