Səfir: "Azərbaycan Bolqarıstan üçün mühüm strateji tərəfdaşdır" | Banco.az

Səfir: "Azərbaycan Bolqarıstan üçün mühüm strateji tərəfdaşdır"

“Azərbaycan Bolqarıstan üçün mühüm strateji tərəfdaşdır”. Bunu Bolqarıstanın Azərbaycan və Türkmənistandakı səfiri Maya Hristova “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktorunun rəhbərliyi ilə “Caspian Energy”nin nümayəndə heyəti ilə görüşdə bildirib.

Görüş zamanı səfir “Caspian European Club” və “Caspian Energy” çərçivəsində informasiya əməkdaşlığının inkişafının vacibliyini qeyd edib. “Azərbaycanla bizim aramızda dərin ənənəvi əlaqələr mövcuddur. Biz iqtisadiyyat, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdiririk”, - deyə M.Hristova qeyd edib. 

Səfir qədim Veliko Tırnova şəhərinin bərpasında göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib: “Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Keçirdiyimiz hisləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bu, sidq ürəklə görülmüş işdir. Mən Azərbaycan xalqına və şəxsən Mehriban xanım Əliyevaya bolqar xalqının böyük sevgisini çatdırıram”, - deyə o söyləyib.

Xəzər regionu dövlətləri ilə əməkdaşlıq imkanlarına toxunan M.Hristova vurğulayıb ki, iki ölkənin enerji sektorunda əməkdaşlığı strateji xarakter daşıyır. O əlavə edib ki, Bolqarıstan Azərbaycanın “Şahdəniz” konsorsiumu ilə danışıqlarda göstərdiyi böyük dəstəkdən məmnundur: “Məhz bunun sayəsində Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsindən etibarən 2020-ci ildən başlayaraq ildə 1 mlrd. kubmetr təbii qazın Bolqarıstana tədarükü ilə bağlı uzunmüddətli müqavilə imzalanıb”.

O, 2009-cu il noyabrın 13-də Sofiya şəhərində iki dövlətin energetika nazirlikləri arasında energetika sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq, bundan bir qədər əvvəl isə SOCAR ilə Bolqarıstanın energetika holdinqi, SOCAR ilə “Bulqartransqaz” arasında qarşılıqlı anlaşma memorandumlarının imzalandığını xatırladıb.

Ən sərfəli kredit üçün müraciət et

“Bolqarıstan və Azərbaycan arasındakı birgə neft və qaz işçi qrupu ökələrimizin enerji əməkdaşlığının inkişafı üçün mühüm və uğurlu vasitədir. Həmin qrupun tərəfləri qismində Bolqarıstan Energetika Nazirliyi, Bolqarıstanın Energetika Holdinqi və SOCAR çıxış edir”, - deyə səfir əlavə edib.

M.Hristova Bolqarıstanla Türkmənistan arasında siyasi və iqtisadi əməkdaşlığın intensiv dinamikasını da vurğulayıb: “2015-ci ildən 2016-cı ilədək olan dövr ərzində iki ölkə arasında mühüm dövlət səfərlərinin mübadiləsinin aparıldığı məmnunluqla qeyd edilməlidir. Bu səfərlər müntəzəm dialoqun dəstəklənməsinə və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhvəsini verib”.

Bolqarıstan qaz habının təşkilindən danışan səfir vurğulayıb ki, habın təşkili zamanı qaz mənbələri çox olmalıdır. Onun sözlərinə görə, Rusiyadan, Yunanıstan interkonnektoru və bu haba birləşə biləcək digər enerji terminallarından qaz tədarükü həyata keçirilməlidir.

İki dövlət arasında 60-dan çox ikitərəfli sənədin imzalandığını vurğulayan səfir Azərbaycanla Bolqarıstanın hökumətlərarası komissiyalarının uğurlu işini də qeyd edib. 

Mənbə: Report.az

Bizi facebook səhifəmizdən də izləyin