Şəffaflıqla bağlı görülən tədbirlər öz səmərəsini verməkdədir | Banco.az

Şəffaflıqla bağlı görülən tədbirlər öz səmərəsini verməkdədir

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.

Ölkə Prezidenti İlham Əliyev müşavirədə vurğulayıb ki, əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir: "Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var. Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır".

Dövlət başçısı qeyd edib ki, vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur: "Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir. Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm".

İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, müşavirədə ölkə iqtisadiyyatında əldə olunmuş irəliləyişlər və çatışmazlıqlara, maneələrə münasibət bildirilib: "Prezident islahatlara əngəl törətmək istəyən komanda üzvlərinə ciddi xəbərdarlıq etməklə yanaşı, belələrinin komandanın sıralarında qalmasının mümkünsüzlüyünün də anonsunu verdi. Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında əngələ çevrilmiş ciddi problemlərdən biri rüşvət və korrupsiyadır. Dövlət başçısı toplantıda bu məsələ ilə bağlı sərt danışdı. Onun "Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin.

Ən sərfəli kredit üçün müraciət et

Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz", - deməsi ciddi mesajdır: bundan sonra rüşvət və korrupsiya yolu tutan məmurlar daha sərt mövqe ilə qarşılaşacaqlar".

F.Yusifov qeyd edib ki, bu gün Azərbaycan iqtisadiyyatının ən önəmli problemlərindən biri qeyri-neft sektorunu sürətli inkişaf relsləri üzərinə qaldırmaqdır: "Ölkə iqtisadiyyatının uzun müddət neftə söykənərək davam gətirməsi mümkün deyil. Prezident bu səbəbdən toplantıda iqtisadiyyat və maliyyə nazirləri ilə qeyri-neft sektorunun inkişafı ilə bağlı vəziyyəti kifayət qədər açıq bir şəkildə müzakirə etdi. Onun nazirlərə "Onda nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzəştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük", - deməsi komanda üzvlərinin real nəticələr üzərində çalşmağa üz tutması üçün bir çağırışdır. Bu gün Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundan ixracının həcmi əsaslı şəkildə artırılmalıdır. Bunun üçün yerlərdə yüzlərlə yeni istehsal və emal müəssisələri qurmaq lazımdır. Dövlət bu məsələdə sahibkarların yanındadır. Dövlət onlara vergi və digər güzəştləri verir. Lakin dövlət layihələrin hamısını özü maliyyələşdirə bilməz. Ümumi daxili məhsulun həcminin 80 milyard manata çatdığı bir vaxtda sahibkarlığın inkişafına bir il ərzində 170 milyon manat kredit ayırmaqla uzağa getmək mümkün deyil. Burada bank sektoru öz sözünü deməlidir. Bu sektor isə istehsal deyil, lombard prinsiplərinə söykənən istehlak kreditləri verməklə məşğuldur. Ona görə də ölkənin bank sektorunun yenidən qurulmasına imkan verən ciddi islahatlara ehtiyac var. Dövlət son illər bank sektorunun ayaq üstə durması və iqtisadiyyata üz tutması üçün ona milyardlarla manat dəstək verib. Ümid edək ki, son müşavirə bütün məmurların və ölkənin bank sektorunun fəaliyyətində ciddi dönüşün başlanğıcı olacaq".

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç