Səbinə Qurbanova,
AccessBank QSC-nin Bankçılıq Xidmətləri Departamentinin rəhbəri.
Bir xanım üçün iş qadını olmaq onun şəxsi xoşbəxtliyinə təsir edirmi? Siz necə ? Özünüzü xoşbəxt hesab edirsinizmi?
Fikrimcə, şəxsi xoşbəxtlik və özünü sübut etmək üçün qadının çalışması vacib amildir. Mən özümü işim olmadan təsəvvür etmirəm. Çünki daim çalışmaq, bacarıqlarımı bölüşmək, insanlara xeyir vermək və faydalı olmaq mənim üçün çox dəyərlidir. Özümü xoşbəxt hesab edirəm :)
Siz güclü qadınsınız. Bu gücün mənbəyi nədir?
Gücümün mənbəyi ilk öncə, özümə inamdır. Əgər hər hansı bir ideyaya, fikrə inanıramsa, axıra qədər onun arxasınca gedirəm və onun reallaşmasına nail oluram. Əsas, həmin işin lazımi və dəyərli olduğuna inanmaqdır. Hər dəfə yeni nailiyyət məni daha güclü edir. Planlarım ilk cəhddən həyata keçməyəndə ruhdan düşmürəm. Bir daha cəhd edirəm, məqsədimə çatana qədər səylərimi davam etdirirəm.
Ailə və iş əlaqələrinizi necə tənzimləyirsiniz?
Çalışıram ki, tənzimləyim :).
Sözsüz ki bəzi vaxtlar iş məndən daha çox enerji sərf etməyimi tələb edir və əksinə, övladlarıma daha çox diqqət yetirməli oluram. İstənilən halda, hər ikisi mənim üçün çox önəmli olduğundan, balansı qorumaq vacibdir. Yalnız bu halda böyük uğur əldə etmək mümkündür.
Uğurlu iş qadını olmaq çətin deyil ki?
Deməzdim ki, rahatdır. Başlanğıcda çətin idi, amma, vaxt keçdikcə peşəkar mütəxəssislər komandası hazırladıq. Hal-hazırda rəhbərliyim altında olan bütün sahələrdə məsuliyyətli, gündəlik vəzifələrin öhdəsindən bacarıqla gələ bilən insanlar çalışır.
Hər şöbədə hər bir əməkdaşın məsuliyyəti və təşəbbüskarlığı işlərin daha səmərəli həyata keçirilməsinə böyük kömək olur. Bununla paralel uğurlu rəhbər olmaq istəyən kəs ümumi iş prosesini daim nəzarətdə saxlamalıdır və lazımi anlarda düzgün qərarlar qəbul etməlidir. Bütün sadaladıqlarım uğurun təminatçısıdır.
Ən sərfəli kredit üçün müraciət et
Neçə ildir bank sektorunda çalışırsınız? Sizə görə bank sektorunda qadının yeri və çətinliyi nədən ibarətdir?
10 ildir ki, bank sektorunda çalışıram. İlk vaxtlar qadın əsasən özünü təsdiq etmək yolunda çətiniklərlə qarşılaşa bilər. Lakin özünü təsdiq etdikdən sonra qadın üçün bank sektorunda uğurlu karyeraya nail olmaq çətin deyil. Bu mərhələdə qadınlarla kişilər arasında heç bir fərq görmürəm. Ən azından AccessBank-da bu belədir.
“Nə yaxşı ki, bu işdəyəm” deyirsinizmi və nə üçün ?
Fikirləşirəm ki, düzgün seçim etmişəm və bu işdə çalışaraq özümü bu fəaliyyət növündə tam olaraq tapmışam.
Şəxsi uğur sirrinizi bizimlə bölüşərsinizmi?
Əsas amil, əlbəttə ki, mənim öz işimə hədsiz sevgimdir. Eyni zamanda, daima öz üzərimdə çalışıram və öz peşəkar bacarıqlarımı təkmilləşdirirəm. Həmçinin, optimist olmağım və özümə inamım mənə çox kömək edir. Mənim uğurlarımda valideynlərim və müəllimlərim də mühüm rol oynayıb. Onlar hələ uşaqlıqdan mənə müstəqillik və öz hərəkətlərimə görə cavabdehlik hissini aşılayıblar. Valideynlərimin“Səbinə hər zaman düzgün addım atacaq”– sözləri hər zaman hafizəmdə səslənir. Mən valideynlərimə və müəllimlərimə çox minnətdaram – məhz onların sayəsində öz potensialımı ortaya qoyaraq kənardan kömək gözləmədən qərarlar qəbul etməyi, eyni zamanda, qəbul etdiyim qərarlara görə məsuliyyət daşımağı öyrəndim.
Bir qadın olaraq həmcinslərinizə nə kimi məsləhətləriniz var?
İstərdim ki, istər iş qadını, istərsə də evdar qadının özünə inamı güclü olsun. Bu, irəli getmək və uğur qazanmaq üçün çox vacibdir. Eyni zamanda, optimist olmaq, uğursuzluqları təcrübə kimi qiymətləndirmək kimi xüsusiyyətlər insanın təkmilləşməsinə və güclü olmasına gətirib çıxarır.